Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycan stendi sərgi iştirakçıları və ziyarətçilərin böyük marağına səbəb olub.
"Report"un Türkiyə bürosu xəbər verir ki, 50-dən çox ölkə, 1000-dən artıq şirkətin qatıldığı sərgidə Azərbaycana məxsus yerli istehsal nümunələri olan müasir texnologiyalara aid müxtəlif növ silah-sursat nümayiş olunur.
Xarici nümayəndələr tərəfindən yüksək qiymətləndirilən Azərbaycan müdafiə sənayesi məhsulları, digər xarici şirkətlərin rəhbərlikləri tərəfindən əməkdaşlıq təkliflərinin əsas mövzusu olub.
Qeyd edək ki, dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş olunur.
Xatırladaq ki, sərgi avqustun 17-20-də İstanbul şəhərində Türkiyə Prezident Administrasiyasının himayəsi altında və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.