Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş komandanı, general-leytenant Valeriy Zalujnıy “Report”un Şərqi Avropa bürosuna müsahibə verib.
- Ukrayna ordusunun arsenalında texniki təchizat baxımından hansı ölkə birinci yerdədir? Müasir texnoloji hazırlıq hansı səviyyədədir? Yeri gəlmişkən, bugünlərdə Türkiyənin “Bayraktar” PUA-larının Ukraynaya gətirilməsinin şahidi olduq. Bu prosesin davam edəcəyi gözlənilirmi?
- Şübhəsiz, ən böyük dəstəyi ABŞ-dan alırıq. ABŞ hökuməti tərəfindən Ukrayna və onun Silahlı Qüvvələrinə edilən dəstək ölkəmizdəki və regiondakı vəziyyətə əhəmiyyətli təsir göstərir. Bu, həm də Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizədə tək olmadığını göstərmək baxımından açıq mesaj olduğundan, çox dəyərlidir.
Beynəlxalq texniki əməkdaşlıq çərçivəsində 2014-cü ilin əvvəlindən bəri Silahlı Qüvvələrin ehtiyacları üçün 650 milyon ABŞ dollarından çox vəsait həcmində hərbi texnika və maddi-texniki vasitələr almışıq. Onlar əsasən yüksək texnologiyalıdır, yerli müəssisələr tərəfindən istehsal olunmur və bizim üçün son dərəcə vacibdir. Bu yardım bölmələri idarə etmək, radioelektron müharibə aparmaq, düşmənin pilotsuz aparatları və artilleriya vasitələri ilə mübarizə aparmaq, yaralıları döyüş meydanından çıxarmaq qabiliyyətini artırmağa imkan verir.
Bundan başqa, Silahlı Qüvvələrə digər ölkələr tərəfindən həcmi təxminən, 64 milyon ABŞ dolları olan yardım edilib.
Türkiyə istehsalı olan "BAYRAKTAR TB2" əməliyyat-taktiki pilotsuz uçuş aparatlarının alınmasına gəlincə, hazırda Silahlı Qüvvələrin arsenalında biri Hərbi Hava Qüvvələrində, digəri Hərbi Dəniz Qüvvələrində olmaqla 2 belə kompleks (12 uçuş aparatı) var. Qeyd edim ki, bir kompleks bu il Müdafiə Nazirliyinin sifarişi ilə alınıb. Həmçinin Silahlı Qüvvələrin tələbatını ödəmək üçün 2021-22-ci illərdə daha 4 belə kompleksin alınması planlaşdırılır.
Bundan əlavə, gələcəkdə yerli istehsal olan bu tip pilotsuz uçuş sistemləri almağı planlaşdırırıq (hazırlanması tamamlandıqdan sonra “Sokol-300”ləri).
- Bildiyiniz kimi, 2020-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycan Ordusu 44 gün ərzində ölkə ərazisinin 20 faizinin işğalına son qoydu. Azərbaycan ordusunun döyüş taktikasını necə qiymətləndirirsiniz?
- Müharibənin nəticələri Azərbaycan Ordusunun hərtərəfli hazırlaşdığından və münaqişəni öz xeyrinə həll etmək üçün əvvəlki cəhdlərin mənfi təcrübəsi nəzərə alınaraq qoşunlardan bilavasitə hərbi əməliyyatlar zamanı səmərəli istifadə olunmasından xəbər verir. Azərbaycan Ordusu bölmələrinin hərəkətlərində bir sıra müsbət yanaşmalar və taktiki gedişləri qeyd etmək istərdim:
- köhnə park təyyarələrinin (“An-2” tipli) məsafədən idarə olunması ilə daha sonra məhv edilməsi məqsədilə Ermənistan tərəfinin hava hücumundan müdafiə qüvvələrinin güc və vasitələrini ifşa edilməsi;
- müxtəlif növ pilotsuz uçuş aparatlarından (Türkiyə istehsalı olan, yüksək dəqiqlikli raket və bombalı “BAYRAKTAR TB-2” tipli zərbə PUA-ları, İsrail istehsalı olan HAROP kamikaze dronları və bəzi kiçik ölçülü kamikaze dronlar) istifadə etməklə Ermənistan tərəfinin hava hücumundan müdafiə sistemlərinə zərbələr endirilməsi;
- silah və hərbi texnikaya (tanklar, piyadaların döyüş maşınları, artilleriya, döyüş sursatı daşıyan nəqliyyat vasitələri), eləcə də vacib hərbi infrastruktur obyektlərinə (sursat,yanacaq-sürtkümaterialları və s. anbarları) dəqiq zərbələr endirilməsi üçün PUA-lardan istifadə edilməsi;
- hədəflərin (raket qüvvələri və artilleriya vasitələri, eləcə də müxtəlif tipli PUA-lar)effektiv aşkarlanması və məhv edilməsi üçün kəşfiyyat-atəş konturlarından istifadə edilməsi;
- əsas əraziləri (obyektləri) ələ keçirmək üçün dağlıq ərazilərdə xüsusi əməliyyat qüvvələrindən istifadə edilməsi.
Türkiyədən Azərbaycana güclü texnoloji dəstək verildi. Eyni zamanda, Ermənistanın qarşıdurmaya hazır olmadığı ortaya çıxdı. Zənnimcə, onların məğlubiyyəti bir sıra səbəblərdən qaynaqlandı:
- hava hücumundan müdafiə sisteminin qurulmasında eşelonlaşdırmanın olmaması və ZRK nişan zonalarının qarşılıqlı örtülməməsi;
- PUA ilə mübarizə üçün Sovet (Rusiya) hava hücumundan müdafiə sistemlərinin (S-300P, TOP-M2KM) istifadəsinin aşağı effektivli olması və nəticədə məğlubiyyəti;
- müxtəlif silah növlərindən istifadə etməklə yalnız bir atəş mövqeyindən çoxlu istifadə mövqelərin tez müəyyən edilməsinə və məhv edilməsinə səbəb oldu;
- hərbi texnikanı kamuflyaj etmək və düşməni çaşdırmaq tədbirlərinə laqeyd yanaşılması.
- Ümumiyyətlə, Azərbaycan Ordusunun son əməliyyatları ilə bağlı hansısa məqamları öyrənirsinizmi və bunları hərbi təlimlərdə tətbiq etməyə hazırsınızmı?
- Əlbəttə, hərbi qüvvələrimizin istifadəsinin bütün istiqamətləri üzrə Ermənistan-Azərbaycan müharibəsinin təcrübəsini hərtərəfli təhlil etmişik. O cümlədən ötən ilin noyabr ayında Baş Qərargahda genişmiqyaslı tədbir - “Ermənistan-Azərbaycan hərbi münaqişəsi. Hadisələrin xronikası, təhlil və nəticələr” adlı elmi-praktik konfrans keçirildi. Bu konfrans zamanı münaqişə tərəflərinin qoşunlardan istifadə etməsinin problemli məsələləri, qoşunların istifadə formaları və metodlarının daha da inkişaf etdirilməsi tendensiyaları müzakirə edildi. Tədbirin yekununda Ukrayna Silahlı Qüvvələrinin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə qabaqcıl təcrübənin nəzərdən keçirilməsi ilə əlaqədar artıq sınaqdan keçirilən və qoşunların döyüş hazırlığı prosesinə daxil edilən əsaslandırılmış təkliflər hazırlanıb.
Bundan əlavə, ali hərbi təhsil müəssisələrinin tədris planına və proqramlarına, eləcə də təlim məşğələlərinə PUA-lardan, xüsusi təyinatlı bölmələrdən, Raket Qoşunları və Artilleriyadan (RQA) istifadəsi ilə bağlı dərslər daxil edilib. Həmçinin PUA, “Bayraktar”, RQA qüvvələri və vasitələrinin eyni vaxtda idarə edilməsi ilə hərbi komandanlıq orqanları ilə birgə 6 kompleks komanda-qərargah təlimi keçirilib.