"Bizim insanları oğurlayırlar, 280-dən çox təsdiqlənmiş girov sakinimiz var. Əsasən gəncləri oğurlayıb səngər qazmağa məcbur edirlər, biznesmenləri oğurlayıb pullarını əlindən alırlar".
Bunu "Report"un Şərqi Avropa bürosuna Ukraynanın Zaparojye vilayət administrasiyasının rəhbəri Aleksandr Starux bildirib.
Onun sözlərinə görə, Zaparojye vilayətinin insanları müharibənin ilk günündən - fevralın 24-dən döyüş meydanlarındadır: "İlk toqquşmalar çox tez baş verdi və düşmən qoşunlarımızın artıq iki aydan çoxdur dayandığı xəttə qədər gəlib çıxdı. Həmin bu xətdə onların irəliləməsini dayandırdıq. Vətəndaşlarımızın əksəriyyəti əvvəlcə mühasirəyə düşdü, çünki düşmən əvvəlcə yolları tutdu və yalnız müəyyən müddətdən sonra yaşayış məntəqələrinə soxulmağa, şəhərlərdə hakimiyyəti ələ keçirməyə çalışmağa başladı. İndi vilayətdə müxtəlif yerlərdə vəziyyət fərqlidir".
O deyib ki, bəzi yerlərdə, məsələn, Melitopol rayonunda dağıntılar azdır: "Çünki Rusiya qoşunları oranı ilk gündən zəbt etdi. Əhalinin böyük hissəsi o zonadan çıxaraq hökumətin nəzarətində olan bölgələrə gedib. Qalanlar da təzyiq altındadır. Nəzarətimizdə olan ərazilərdə, məsələn, Zaparojye rayonunda, onun inzibati mərkəzi olan Zaparojye şəhərində, Poloqovskiy və Vasilyevski rayonlarının bir hissəsində vəziyyət fərqlidir. Burada Ukrayna qanunları keçərlidir, hökumət tam Ukrayna qanunları ilə fəaliyyət göstərir. Üçüncü tip yerlərdə isə daim döyüşlər gedir. Buraya əsasən vilayətin şərq hissəsi - Kamışevaxa, Orexov, Voleypole, Poloqi və sair ərazilərdən Donetsk vilayətinə qədər olan bölgə aiddir. Aydın məsələdir ki, vilayətin ayrı-ayrı nöqtələrində fərqli vəziyyət yaşanır. Nəzarətimizdə olan bölgələrdə müharibənin yaratdığı əngəllər, müharibə ilə bağlı məhdudiyyətlər xaric, heç nə dəyişməyib. Təbii ki, müharibə gedən ərazilərdə ən çətin vəziyyət yaşanır. Həmçinin də humanitar baxımdan. Vilayətdə 100-dən çox dinc sakin, o cümlədən 2 uşaq həlak olub. 500-ə yaxın mülki şəxs, o cümlədən də 40-a yaxın uşaq da yaralanıb. Bunlar hələ bildiyimiz rəqəmlərdir. Çünki bəzi ərazilərə çıxışımız yoxdur, bəzi yaşayış məntəqələri blokadadır, bəzi yerlərdə müntəzəm atışmalar gedir".
Vilayət rəhbəri təxliyə ilə bağlı bildirib ki, Zaparojye demək olar martın ortalarından Mariupoldan təxliyə olunan insanlar üçün müvəqqəti sığınacaq rolunu oynayır: "120 mindən çox mariupollunun yolu Zaparojyedən keçib. Ümumilikdə isə 4 milyondan çox insan bizim vilayətdən keçməklə daha təhlükəsiz yerlərə gedib. Martda, aprelin əvvəlində Mariupoldan böyük axın oldu. Sonra isə bizim vilayətin işğal olunan rayonlarının sakinləri bu tranzitdən istifadə etdi. Say baxımdan əsas üstünlük də onlardadır. Hazırkı rəqəmlərə gəlsək,- biz hər gün hesabat aparırıq,- dünən Mariupoldan 70-ə yaxın insan bizim vilayətə gəlib. Eyni sayda insan Xersondan gəlib. Ən çox Melitopol və Berdyanski rayonundan olanlar idi, hər birindən 200-dən çox insan. Bunlar o əraziləri tərk edənlərdir. Çünki təzyiqlə üzləşirlər. Ona görə də insanlar o əraziləri tərk edir. Zaparojyedə hazırda 50 mindən çox köçkün var. Digərləri daha “dərinə” gedirlər. Vilayətdəki vəziyyət onları qane etmir. Hərçənd biz artıq buna alışmışıq".