Əlli məntəqədə məsafədən idarə olunan radiomonitorinq stansiyası quraşdırılacaq

Əlli məntəqədə məsafədən idarə olunan radiomonitorinq stansiyası quraşdırılacaq Dövlət Radiotezliklər İdarəsi (DRİ) Mərkəzləşdirilmiş Radiomonitorinq Sistemi layihəsinin həyata keçirilməsinə başlayıb
İKT
21 May , 2021 11:12
Əlli məntəqədə məsafədən idarə olunan radiomonitorinq stansiyası quraşdırılacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurumu olan Dövlət Radiotezliklər İdarəsi (DRİ) Mərkəzləşdirilmiş Radiomonitorinq Sistemi layihəsinin həyata keçirilməsinə başlayıb.

“Report”un məlumatına görə, layihə çərçivəsində respublika ərazisində vahid mərkəzdən idarə edilə biləcək radiomonitorinq sisteminin qurulması nəzərdə tutulub.

Bu sistemin yaradılması sayəsində günün tələblərinə və texnoloji trendlərə uyğun olaraq radiotezlik spektrinin qorunması və səmərəli istifadəsi, radioelektron vasitələrin elektromaqnit uzlaşmasının təmin edilməsi və maneəsiz işinin təşkili, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) tələb və tövsiyələrinə uyğun olaraq radiotezliklərə nəzarətin təşkili və radioelektron vasitələrinin işinə texniki nəzarətin operativ şəkildə təşkili təmin ediləcək.

Layihə çərçivəsində sistemin idarəetmə mərkəzinin Bakı şəhərində quraşdırılması nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ümumilikdə respublika ərazisində mərhələli şəkildə 50 məntəqədə məsafədən idarə olunan radiomonitorinq stansiyası quraşdırılacaq.

Qeyd edilən radiomonitorinq stansiyalarının strateji yerlərdə – sərhədyanı ərazilər, iqtisadi-sənaye zonaları, kütləvi tədbirlərin keçirildiyi məkanlar və digər ərazilərdə qurulması planlaşdırılır.

Mərkəzləşdirilmiş Radiomonitorinq Sisteminin bir sıra əsas üstünlükləri mövcuddur.

Bu ilk növbədə radiotezliklərdən səmərəli və effektiv istifadə edilməsinə nəzarət, tezlik spektrinə istənilən zaman kəsiyində nəzarətə imkan yaradacaq.

Həmçinin efirə çıxan radiosiqnalların daha çevik aşkarlanması, radiomonitorinqi və analizi, aşkarlanmış radiosiqnalların avtomatik şəkildə vahid qeydiyyat bazası ilə uyğunluğunun yoxlanılmasını yaxşılaşdıracaq.

Aşkarlanmış radioelektron vasitələrin (REV) yerinin və parametrlərinin təyin olunması, radiotezliklərin maneəsiz istifadəsinin təmin edilməsinə nəzarətin təşkili, efir və informasiya təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq məlumatların operativ şəkildə əldə olunması, kənar yayımların vaxtında aşkar edilərək müvafiq tədbirlərin görülməsi üçün məlumatların BTİ-nin tövsiyələrinə və beynəlxalq standartlara uyğun olaraq, sistem tərəfindən aidiyyəti qurumlara göndərilməsi də üstünlüklər sırasındadır.

Bundan əlavə DRİ-nin gündəlik radionəzarət, radiomonitorinq işinin təşkili və avtomatlaşdırılması, radiorabitə və digər radiotezliklərdən istifadə haqda məlumatların arxivləşdirilməsi, qeyri-standart və texniki tələblərə uyğun olmayan REV-in və radiosiqnalların aşkarlanması və sistemli analizi və beynəlxalq tədbirlər zamanı efir təhlükəsizliyinin təmin edilməsi və bu sıraya daxildir.

Nazirlik hesab edir ki, layihənin həyata keçirilməsi efir təhlükəsizliyinə nəzarətin gücləndirilməsi işinə, radiospektrə daimi və sistemli nəzarət edilməsinə, analitik təhlilin aparılmasına, dinamik hesabatların əldə edilməsinə, efirdə baş verən proseslərin arxivləşdirilməsinə və s. zəruri işlərin operativ şəkildə icra edilməsinə imkan verəcək.

Radiomonitorinq sistemi qurulub istifadəyə verildikdən sonra Dövlət Radiotezliklər İdarəsində qeydiyyatda olan radioelektron vasitələrin və təhlil olunacaq radiosiqnalların sayının artacağı proqnozlaşdırılır. Digər tərəfdən də qeyd edilən sistem vasitəsilə radiotezliklərin səmərəli istifadəsinə nəzarət təşkil ediləcəkdir ki, bu da öz növbəsində ayrılmış radiotezlik nominallarının nə dərəcədə effektiv istifadə olunduğunu qiymətləndirməyə imkan yaradacaq. Nəticədə istifadəsiz qalmış tezlik resurslarının daha səmərəli istismarı üçün qarşımızda yeni imkanlar açılacaq və həmin tezlik zolaqlarının intensiv şəkildə istifadəsi məqsədilə müvafiq tədbirlər görüləcək. Bütün bunlar efir təhlükəsizliyinə nəzarətin gücləndirilməsini təmin edəcək.

Son xəbərlər

Orphus sistemi