AMEA-nın "Yüksək Texnologiyalar Parkı"na yeni rezident qəbul olunub

AMEA-nın "Yüksək Texnologiyalar Parkı"na yeni rezident qəbul olunub Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-nin (YTP) Ekspertlər Şurasının onlayn iclası keçirilib.
İKT
13 Noyabr , 2020 11:54
AMEA-nın Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-nin (YTP) Ekspertlər Şurasının onlayn iclası keçirilib.

Bu barədə “Report”a AMEA-dan məlumat verilib.

Məlumata görə, iclasda Şuranın sədri, Akademiyanın vitse-prezidenti Rasim Əliquliyev, Şuranın üzvləri, YTP-nin direktoru Vasif Abbasov, direktor müavinləri Zaur Nəhmətov və Zahir Nəsibov, bir sıra məsul şəxslər, eləcə də rezidentlik üçün müraciət etmiş müəssisənin nümayandələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə R.Əliquliyev Azərbaycan ordusunun 2-ci Qarabağ müharibəsindəki parlaq qələbəsi, ərazi bütövlüyümüzün bərpa olunması münasibətilə hər kəsi təbrik edib, bu qələbəni xalqımızın yenidən dirçəlişi kimi qiymətləndirib. O, bildirib ki, bu tarixi zəfər xalqımızın sarsılmaz birliyi, ordumuzun qüdrəti, Müzəffər Ali Baş Komandanımızın müdrikliyi sayəsində əldə olunub.

"Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərərək canından keçmiş şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyirik, qazilərimizə, bütün əsgər və zabitlərimizə sonsuz minnətdarlığımızı bildiririk. Əminik ki, şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaq", - deyə Şura sədri qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində informasiya müharibəsində ölkəmizi layiqincə təmsil edən öllkə prezidenti öz çıxışlarında, xarici ölkələrin kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə yüksək diplomatik bacarığı, ciddi arqumentləri ilə müharibənin əsl mahiyyətini bütün dünyaya çatdırıb. Bütün beynəlxalq təzyiqlərə baxmayaraq qısa bir müddət ərzində Azərbaycanın hərbi potensialını və müdafiə qüdrətini təsdiqləyib.

R.Əliquliyev əlavə edib ki, bütün Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşib ölkəmizin inkişafı, onun dünyanın aparıcı ölkələrindən birinə çevrilməsi üçün çalışmalı, öz töhfəsini verməlidir.

Daha sonra O, iclasın gündəliyində duran məsələləri diqqətə çatdırıb. Vitse-prezident Azərbaycanın iqtisadi prioritetləri və strateji maraqları nəzərə alınaraq tətbiqi tədqiqatların aparılması baxımdan önəmli rola malik olan YTP-nin qarşısına qoyulan vəzifələrdən bəhs edib. O, Parkın AMEA-nın elmi müəssisələrində kommersiyalaşdırılmağa hazır olan məhsulların istehsalı üçün geniş imkanlar təqdim edəcəyinə və ölkəmizdə biliklər iqtisadiyyatının formalaşmasına öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Sonra YTP-nin rezidenti olmaq üçün müraciət etmiş “Bakı Polimer İstehsalat” MMC-nin nümayəndəsi Cavid Hüseynov təmsil etdiyi müəssisənin 5 ildən çoxdur ki, Azərbaycanda qablaşdırma məhsullarının topdan və pərakəndə satışında aparıcı şirkətlərdən biri olduğunu vurğulayıb. O, qeyd edib ki, şirkətin əsas məqsədi bazara keyfiyyətli və yerli istehsala əsaslanan məhsulun çıxarılmasıdır.

Onun sözlərinə görə, müəssisə tərəfindən istehsal olunan məhsullara qida və qeyri-qida məhsullarının, daşınan malların, ağır inşaat-tikinti məmulatlarının qablaşdırılması və bağlanmasında istifadə olunan müxtəlif növ streç filmlər aiddir. Streç filmlər məhsul və istehsal texnologiyası innovasiya yönümlü olduğundan bütün sənaye, xidmət sahələrində və məişətdə əhali tərəfindən qablaşdırmada istifadə edilə bilər.

C.Hüseynov qeyd edib ki, potensial alıcılar şəbəkəsinə malik şirkət indiyədək məhsullarını MDB dövlətlərindən idxal edirdi. Respublikada sahibkarlığa yaradılan əlverişli mühit, istehsalçılara verilən dəstəyi nəzərə alaraq, müəssisə özü streç filmləri istehsal etmək niyyətindədir: “Bu məqsədlə YTP-də innovasiya xarakterli, ixrac və rəqabət qabiliyyətli çürüyən və çürüməyən streç film istehsalı üzrə ixtisaslaşmış kompleksin yaradılması üzrə” investisiya layihəsi əsasında YTP-də yaradılması nəzərdə tutulan zavod Qafqaz coğrafiyasında 5 qat PE streç filmləri istehsal edən yeganə istehsalçı olacaq".

İclasda Ekspertlər Şurasının katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru Vaqif Fərzəliyev, Şuranın üzvləri - İdarəetmə Sistemləri İnstitutunun direktoru Telman Əliyev, Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov, Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov və İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov müzakirə olunan məsələ ətrafında rəy və təkliflərlə çıxış ediblər.

Müzakirələrdə qablaşdırma zamanı xammal kimi istifadə olunan xətli polietilen materialın bütün zəruri tələblərə uyğun digər materialla əvəzlənməsi, qablaşdırma zamanı istifadə olunan, xaricdən gətirilən xammalın yerli istehsalının təşkili, qida streçinin hazırlanmasında insan sağlamlığına zərər yetirməyən materiallardan istifadəyə nəzarət mexanizminin tətbiq edilməsi, inkişaf etmiş ölkələrdə tətbiq olunan, təbiətdə parçalanan streç materialdan istifadəyə diqqət yetirilməsi kimi məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sonda Ekspertlər Şurası üzvlərinin çoxsaylı sualları cavablandırılıb.

İclasda “Bakı Polimer İstehsalat” MMC-nin YTP-nin rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.

R.Əliquliyev şirkət təmsilçilərini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, bu qurumların elmtutumlu və yüksək texnologiya yönümlü istehsal fəaliyyətini nəzərə alaraq, Azərbaycan qanunvericiliyində göstərilən güzəşt və imtiyazlardan məqsədyönlü şəkildə faydalanacağına, ölkənin iqtisadi inkişafında mühüm rol oynayacaqlarına əminliyini bildirib.

Son xəbərlər

Orphus sistemi