Avropa Parlamentində təmsil olunan nüfuzlu partiyalar arasında böyük texnologiya şirkətləri ilə bağlı məhdudlaşdırıcı tədbirləri artırmaq barədə razılıq əldə olunub.
“Report” FT-yə istinadən xəbər verir ki, sözügedən sahədə inhisarçılığa qarşı yönələn qanun - Rəqəmli Bazarlar Aktı azı bir internet xidməti göstərən, 80 milyard avrodan çox kapitala malik şirkətlərə qarşı tətbiq olunacaq. Beləliklə, həmin sənəd “Google”, “Amazon”, “Apple”, “Facebook”, “Microsoft”, “Alibaba” kimi işgüzar dünyanın nəhənglərinə qarşı istifadə olunacaq.
Yeni qanunda nəzərdə tutulan tədbirlər arasında onlayn platformların öz mal və xidmətlərinə üstünlük verməmələri, istifadəçilərin hər hansı proqram və tətbiqləri silmələrini əngəlləməmələri, həmçinin göstərdikləri xidmətlərdə üçüncü tərəflərin iştirakına yol vermələri, işgüzar müştərilərin sahibkarlıqla bağlı məlumatlara sərbəst girişini təmin etmələri göstərilir.
Yeni qanun Avropa Parlamentində gələn həftə səsverməyə çıxarıla bilər.