Avropa İttifaqının (Aİ) təşkilatçılığı ilə Xorvatiyada 100-ə yaxın tənzimləyici-telekommunikasiya qurumunu birləşdirən dörd regional təşkilatın (BEREC – EaPeReg – EMERG – Regulatel) birgə sammiti və “Şərq Tərəfdaşlığı (ŞT)” ölkələrinin Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Rouminq Ekspert İşçi Qrupunun 11-ci iclası keçirilib.
"Report" bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, tədbirlərdə Azərbaycanı nazirliyin nümayəndə heyəti təmsil edib.
Dördtərəfli BEREC (Avropa Elektron Rabitə Tənzimləyiciləri Şurası) – EaPeReg (Şərq Tərəfdaşlığı ölkələrinin Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsi) – EMERG (Avropa Aralıq dənizi Tənzimləyicilər Qrupu) – Regulatel (Latın Amerikası Telekommunikasiya Tənzimləyici Təşkilatı) sammitdə regional təşkilatlar, eyni zamanda üzv ölkələrin tənzimləyici-telekommunikasiya qurumları arasında əməkdaşlıq imkanları və mütərəqqi təcrübənin öyrənilməsi, birgə perspektiv layihələrin icrası, telekommunikasiya infrastrukturunun gücləndirilməsi, “5G” texnologiyası, əlverişli yüksəksürətli internet və s. məsələlər ətrafında təqdimatlar edilib, müzakirələr aparılıb.
“EaPeReg”in Rouminq Ekspert İşçi Qrupunun 11-ci iclası zamanı ilkin mərhələdə ŞT ölkələri, daha sonra Aİ və ŞT ölkələri arasında rouminq tariflərinin aşağı salınmasını nəzərdə tutan “Regional Rouminq Sazişi” layihəsinə müvafiq əlavə və dəyişikliklərin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
“EaPeReg” və digər təşkilatlar ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri istiqamətində işlər davam etdirilir. Regionda rəqəmsal transformasiyanın əsas elementi olan telekommunikasiya şəbəkələri və genişzolaqlı xidmətlərin təkmilləşdirilməsi ölkənin texnoloji hazırlığı istiqamətində vacib fəaliyyət olmaqla yanaşı, əsas strateji prioritetlərdən biri kimi qiymətləndirilir.