Azərbaycan elektron ticarətin vəziyyətini əks etdirən “Qlobal Elektron Ticarət İndeksi 2020”də 152 ölkə və ərazi arasında 65-ci yeri tutub.
“Report” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) çərşənbə günü Cenevrədə yayımlanan illik hesabatında məlumat verilib.
2019-cu ildə 61,8 balla 63-cü yerdə qərarlaşmış Azərbaycan bu dəfə 60 bal toplayıb. Azərbaycanda ən yaxşı reytinq poçt etibarlılığı göstəricilərinə (82 bal) və internet istifadəçilərinin payına (81 bal) verilib. Azərbaycan mobil ödəmələr üçün hesabı olan sakinlərin payı baxımından 29 bal, internet serverlərinin təhlükəsizliyi baxımından isə 49 bal toplayıb.
Ölkələrdə elektron alış-verişin inkişaf səviyyəsini qiymətləndirmək üçün əsas UNCTAD mütəxəssisləri tərəfindən hazırlanmış və hesabatda qeyd edildiyi kimi, elektron ticarətlə ən çox birbaşa əlaqəli dörd göstəricidən ibarət olan “B2C E-commerce Index” göstəricisidir. Bunlar mobil ödəmə hesabı olan sakinlərin payı, əhali strukturundakı internet istifadəçilərinin payı, poçt etibarlılığı və təhlükəsiz internet serverlərinin mövcudluğudur. Hər bir göstərici 100 ballıq şkala üzrə qiymətləndirilib və dörd göstəricinin ədədi orta yekun indeks olub.
Hesabat müəllifləri 2020-ci ildə reytinqdə birinci yerə 95,9 bal indeks alan və artıq sabiq lider Niderlandı ikinci sıraya salan İsveçrəni qoyublar. “Top-10”da həmçinin Danimarka, Sinqapur, Böyük Britaniya, Almaniya, Finlandiya, İrlandiya, Norveç və Honkonq da var. ABŞ 12-ci, Çin 55-ci yerdə qərarlaşıb. Türkiyə reytinqdə 57-ci, İran - 44-cü yeri tutub.
MDB ölkələri arasında ən yüksək indeks 35-ci sırada olan Belarusdadır - 78,8 bal. Rusiya 41-ci, Gürcüstan 47-ci, Ukrayna 51-ci, Moldova 53-cü, Qazaxıstan 60-cı, Ermənistan 84-cü, Qırğızıstan 97-cı, Özbəkistan 107-ci, Tacikistan 121-ci olub.
Reytinqi Burundi (8,3 xal), Çad (7,1) və Niger (5,6) tamamlayır.