Azərbaycandan olan “Mail.ru” istifadəçilərinə “fişinq” hücumu başlayıb

Azərbaycandan olan “Mail.ru” istifadəçilərinə “fişinq” hücumu başlayıb Elektron Təhlükəsizlik Xidməti Ermənistanın “Mail.ru” elektron poçt xidmətinin Azərbaycandan olan istifadəçilərinə qarşı kütləvi “fişinq” kampaniyaları həyata keçirdiyini qeydə alıb.
İKT
9 Oktyabr , 2020 11:23
Azərbaycandan olan “Mail.ru” istifadəçilərinə “fişinq” hücumu başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistanın “Mail.ru” elektron poçt xidmətinin Azərbaycandan olan istifadəçilərinə qarşı kütləvi “fişinq” kampaniyaları həyata keçirdiyini qeydə alıb.

Bu barədə “Report”a nazirlikdən bildirilib.

"Elektron Təhlükəsizlik Xidmətinin apardığı araşdırmalar göstərir ki, bu “fişinq” hücumlarının məqsədi həm dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaq, həm də istifadəçilərin cihazlarını zərərverici ilə yoluxdurmaqdır.

Saxta e-poçtlardan birində guya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüşdə həlak olanların siyahısını açıqladığı bildirilir və həmin faylı yükləmək üçün keçidə daxil olunması istənilir. Həmin faylın içərisində isə zərərverici proqramlar yerləşdirilir və keçidə daxil olub məlumatları yükləyən istifadəçinin cihazı yoluxur. Digər bir e-poçtda cəbhəyanı bölgələrlə bağlı mövcud vəziyyətə uyğun olmayan və reallığı əks etdirməyən saxta məlumatlar yer alır.

Həmçinin müxtəlif sosial şəbəkələrdə saxta hesablardan azərbaycanlı istifadəçilərə yazaraq Azərbaycandakı mövcud vəziyyətlə bağlı məlumat toplamağa çalışırlar.
Elektron Təhlükəsizlik Xidməti “Mail.ru” e-poçt xidmətinin istifadəçilərinə xüsusilə ayıq davranmağı, tanımadığı şəxslər tərəfindən göndərilən heç bir keçidə (linkə) daxil olmamağı və ya hər hansı faylı yükləməməyi tövsiyə edir.

Bildiririk ki, hər hansı kiberinsidentlə üzləşdiyinizdə və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.

Baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlamağınızı və Elektron Təhlükəsizlik Xidmətinə göndərməyinizi xahiş edirik", - deyə nazirlik bəyan edib. 

Son xəbərlər

Orphus sistemi