“Azercell”in LTE şəbəkəsinin ölkə üzrə genişlənməsi 85 %-dən çoxdur

“Azercell”in LTE şəbəkəsinin ölkə üzrə genişlənməsi 85 %-dən çoxdur Bakı və Abşeronda LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması tədbirləri çərçivəsində artıq 13 metro stansiyasında və tunellərdə işlər yekunlaşıb.
İKT
26 Yanvar , 2021 14:44
“Azercell”in LTE şəbəkəsinin ölkə üzrə genişlənməsi 85 %-dən çoxdur

“Azercell Telekom” 2020-ci il ərzində LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla həyata keçirib. Qeyd olunan dövrdə “Azercell”in LTE şəbəkəsinin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsi ölkənin hər yerində abunəçilərin daha keyfiyyətli xidmətlə təmin olunmasına şərait yaradıb.

"Report" “Azercell Telekom”a istinadən xəbər verir ki, görülən işlər nəticəsində ötən il ərzində “Azercell”in LTE şəbəkəsinin əhatə dairəsi 74,2 %-dən 85,1 %-ə yüksəlib, şəbəkənin ərazi baxımdan coğrafi əhatəsi isə 61,4 %-dən 72,4 %-ə qədər genişləndirilib.

LTE şəbəkəsinin təkmilləşdirilməsi layihəsinin başlandığı 2 il ərzində isə (01.01.2019-cu il tarixindən 2020-ci ilin sonunadək) “Azercell”in LTE şəbəkəsinin əhali əhatə dairəsi 35,9 %-dən 85,1 %-ə, coğrafi dairəsi 22,5 %-dən 72,4 %-dək artıb.

LTE şəbəkəsinin genişləndirilməsi layihəsi çərçivəsində 2020-ci ildə bu texnologiya üzərindən çalışan 784 yeni radio baza stansiyası quraşdırılıb. Bu stansiyaların müəyyən hissəsi 44 günlük Vətən Müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə işə salınıb. Ümumilikdə LTE şəbəkəsinə aid radio baza stansiyalarının sayı 2679-a çatdırılıb. Xüsusilə regionlarda görülən işlər sayəsində ölkə üzrə LTE şəbəkəsi daha da genişləndirilib. Qeyd etmək kifayətdir ki, keçən ilin təkcə sentyabr-dekabr ayları ərzində 118 yeni LTE stansiya istifadəyə verilib.

Şəbəkənin təkmilləşdirilməsi sahəsində aktiv fəaliyyətinin nəticəsi olaraq ölkə ərazisində Azercell-in təqdim etdiyi xidmətlərdə əhəmiyyətli irəliləyişlər olub. Görülən işlər Azercell şəbəkəsi üzrə LTE texnologiyası ilə ötürülən data trafikin həcminə də təsir edib. Son bir il ərzində bu göstərici 2,25 dəfə artıb. Hazırda şəbəkədə daşınan ümumi trafikin təxminən 69%-i bu texnologiya üzərindən daşınmaqdadır. Ümumilikdə 2020-ci il ərzində LTE şəbəkəsi üzrə səs trafikində 14 %, internet trafikində isə 60 % artım əldə olunub.

Bakı və Abşeronda LTE şəbəkəsinin keyfiyyətinin yaxşılaşdırılması tədbirləri Bakı metropolitenində də aparılır. Layihə çərçivəsində artıq 13 metro stansiyasında və tunellərdə işlər yekunlaşıb. Metro stansiyalarda aktivləşdirilən LTE-Daşıyıcı Birləşdirmə sistemi bu şəbəkədən istifadə edən abunəçilərin daha yüksək sürətli mobil internet əldə etməsinə imkan verir.

Qeyd edək ki, bölgələrdə LTE texnologiyası üzrə datanın ötürülmə sürəti, informasiyanı yükləmə müddəti və video materialların daha yüksək keyfiyyətlə ötürülməsi parametrlərinə görə "Azercell" ölkənin digər mobil operatorlarından öndədir. Bunu Avropanın “Systemics” şirkətinin ötən il Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testinin nəticələrini də təsdiqləyib. Dünya miqyaslı telekommunikasiya şirkəti olan "Ericsson"un apardığı bençmarkinq araşdırmaları isə LTE şəbəkəsinin sürətinə görə "Azercell"in “Öz sinfində” (“Best in class”) ən yaxşı operatorlardan biri olduğunu göstərib. Şəbəkənin real zaman rejimində monitorinqinə imkan verən Argela sisteminin tətbiqi də "Azercell"in LTE şəbəkəsinin keyfiyyətinin yüksək səviyyədə olmasına imkan yaradır.

Hazırda "Azercell" şirkəti LTE şəbəkəsinin paytaxt və regionlar boyu daha da keyfiyyətli olması, internet trafikin yüksək keyfiyyətinin təmin edilməsi və artırılması istiqamətində texniki tədbirləri davam etdirir. Lider mobil operator LTE üzərində çalışan baza stansiyalarının sayını da sürətlə artırır.

Son xəbərlər

Orphus sistemi