Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC Cənubi Afrikada keçirilən beynəlxalq “Africa Tech Festival 2024” konfrans və sərgisində iştirak edib.
Paytaxt Keyptaunda baş tutan tədbirdə “AzInTelecom” stendlə çıxış edib.
Stenddə iştirakçılara şirkətin məhsul və xidmətləri haqqında ətraflı məlumat verilib. Şirkətin əməkdaşları tədbir müddətində bir sıra xarici şirkətlərin nümayəndələri ilə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Nümayəndələr arasında Afrika qitəsinin müxtəlif ölkələrində, xüsusilə bank və maliyyə texnologiyaları sahəsində çalışan şəxslər əsas yer tutub.
Tədbir zamanı ziyarətçilər “AzInTelecom”un təqdim etdiyi SİMA rəqəmsal həllər platforması və “bulud” xidmətlərinə xüsusi maraq göstərib, yüksək qiymətləndiriblər.
Ənənəvi olaraq hər il keçirilən “Africa Tech Festival”ına əsasən Afrika qitəsi olmaqla, dünyanın bir çox ölkəsindən informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər qatılır. Tədbir ticarət əlaqələrinin yaradılması və beynəlxalq əməkdaşlıq çərçivəsinin genişləndirilməsi üçün mühüm imkanlar təqdim edir. Builki tədbirin gedişində sərgilər və seminarlar təşkil olunub, ekspertlər çıxış edib və şirkətlər öz texnoloji məhsullarını nümayiş etdiriblər.