Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC 2019-cu ili 1,874 milyon manat xalis zərərlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 9 dəfə azdır.
Ötən il “Aztelekom”un göstərdiyi xidmətlərdən gəlirləri 84,364 milyon manat (əvvəlki illə müqayisədə 7,8% çox), xidmətlərinin maya dəyəri 54,896 milyon manat (3,3% çox), ümumi, inzibati və digər əməliyyat xərcləri 28,078 milyon mant (23,7% az), maliyyə aktivlərinin dəyərsizləşməsindən zərəri 889 min manat (2,6 dəfə az), maliyyə xərcləri 1,199 milyon manat (2,3 dəfə çox), sair qeyri-əməliyyat gəlirləri 2,656 mln manat (21,9% çox), sair qeyri-əməliyyat xərcləri 11 min manat (11,4 dəfə az), mənfəət vergisi ödəmələri isı 3,821 milyon manat (12% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Aztelekom”in aktivləri 217,49 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,2% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 30,1% azalaraq 34,404 milyon manata düşüb, balans kapitalı isə 5,7% artaraq 183,086 milyon manata çatıb.
Xatırladaq ki, "Aztelekom" 1996-cı ildən fəaliyyət göstərən eyni adlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manatdır. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.