İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, telekommunikasiya xidmətlərinə tələbatın müasir dövrün tələblərinə uyğun şəkildə təmin edilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” ("Baktelecom") MMC-lər internet tariflərinə dəyişiklik edib.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumatda deyilir ki, yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı azaldılıb.
Beləliklə, internet şəbəkəsi üzərindən məlumatların yüksək trafiklə ötürülməsi təmin edilib. Bu da onlayn qoşulma, ağır həcmli yükləmələr və digər əməliyyatların sürətli icrasına imkan yaradıb.
Dəyişikliklərə əsasən, ADSL texnologiyası vasitəsilə xidmət alan bütün abunəçilər üçün aylıq istifadə haqqı minimum 35%-ə qədər azaldılıb.
O cümlədən, GPON (Gigabit Passive Optical Network) texnologiyası üzərindən göstərilən xidmətlərin tariflərinə də dəyişiklik olunub.
“Baktelecom.az” saytı üzərindən “onlayn qoşulma” funksiyası da fəaliyyət göstərir. Optik internet xidmətinə qoşulmanı seçilən tarif əsasında məsafə qət etmədən və növbələrdə vaxt itirmədən onlayn sifariş etmək mümkündür.
Yeni tariflər barədə ətraflı məlumatı hər iki şirkətin rəsmi veb-səhifəsi üzərindən əldə etmək mümkündür.