"Baktelecom" paytaxtın 2 rayonunda optik xidmətlər göstərməyə başlayıb

"Baktelecom" paytaxtın 2 rayonunda optik xidmətlər göstərməyə başlayıb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom") paytaxtın Binəqədi və Sabunçu rayonlarındakı yaşayış massivlərini optik telekommunikasiya xidmətləri ilə təmin etməyə başlayıb.
İKT
7 İyul , 2021 16:32
Baktelecom paytaxtın 2 rayonunda optik xidmətlər göstərməyə başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom") paytaxtın Binəqədi və Sabunçu rayonlarındakı yaşayış massivlərini optik telekommunikasiya xidmətləri ilə təmin etməyə başlayıb.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, "Evədək optika” layihəsi çərçivəsində Biləcəri qəsəbəsində yerləşən “Motodrom” yaşayış massivində 1 300 nömrə tutumlu şəbəkə qurulub. Artıq 700-dən çox mənzilin genişzolaqlı xidmətlərə qoşulması təmin edilib, mövcud mis xətlər üzərindən rabitə xidmətləri alan 300 mənzil yeni şəbəkəyə keçirilib.

Əlavə olaraq Biləcəri qəsəbəsinin Xudadat bəy Məlikaslanov küçəsində fiber-optik xətlərin çəkilişi üzrə ikinci mərhələyə start verilib. Sözügedən küçədə sakinlərin rabitə xidmətləri ilə təmin edilməsi üçün 2000 nömrə tutumlu optik şəbəkə qurulub. Hazırda bu ərazi üzrə müraciətçilərin keyfiyyətli telekommunikasiya xidmətlərinə qoşulması istiqamətində işlər görülür.

Ümumilikdə Binəqədi rayonunun Biləcəri qəsəbəsi bütünlüklə “Evədək optika” layihəsinin əhatə dairəsinə daxil edilib. Ərazidə 10 min nömrə tutumlu genişzolaqlı şəbəkənin mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulub.

“Baktelecom” sözügedən layihənin icrasını Sabunçu rayonunun Balaxanı, Maştağa, Kürdəxanı və Nardaran qəsəbələrində də davam etdirir. Ümumilikdə bu ərazilərdə yaşayan sakinlərin genişzolaqlı rabitə xidmətləri ilə təminatı üçün 1500 nömrəlik optik xətt şəbəkəsinin inşası həyata keçirilir.

Artıq Balaxanı qəsəbəsində müasir telekommunikasiya xidmətlərinin göstərilməsi üçün 400 nömrə tutumlu infrastruktur qurulub. Qəsəbənin Həsən Əliyev küçəsində 200-ə yaxın mənzildə telekommunikasiya xidmətlərinə qoşulma işlərinə başlanılıb.

2021-ci ilin sonunadək Sabunçu rayonunda yaşayan sakinlərin istifadəsi üçün müasir standartlara cavab verən 15 min nömrə tutumlu xətt şəbəkəsinin tikintisi başa çatacaq. Qeyd edək ki, layihə icra olunan bütün ərazilərdə optik telekommunikasiya şəbəkəsi qurularkən gələcəkdə sakin artımı ehtimalı nəzərə alınıb. “Evədək optika” layihəsi çərçivəsində Bakı və ətraf ərazilərdə 230 min istifadəçi tutumlu optik şəbəkə yaradılıb. Artıq bu şəbəkə üzərindən 130 min mənzilin müasir standartlarla optik xidmətlərə qoşulması təmin edilib. Sözügedən şəbəkə ən müasir internet bağlantısı olan GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında qurulur. Bu texnologiya sabit sürətə zəmanət verməklə yanaşı, telefon, internet və televiziya xidmətlərini bir optik xətt üzərindən təqdim etməyə imkan yaradır.

Xatırladaq ki, 1997-ci ildə yaradılan “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB) 2017-ci ilin 19 iyul tarixində MMC olaraq yenidən təşkil edilib. 2001-ci ilin 10 may tarixində BTRİB-in nəzdində “Bakİnternet” ilk dövlət internet şəbəkəsi yaradılıb.

“Baktelecom” dövlət orqanlarına, korporativ və fərdi seqmentdən olan 630 min müştəriyə bütün növ müasir telekommunikasiya xidmətləri – telefon, internet, DATA, İPTV, CDMA və LTE texnologiyalarına əsaslanan telefoniya xidmətləri təqdim edir.

Əlavə olaraq, şirkət rabitə qurğularının layihələndirilməsi xidmətini də həyata keçirir. Şirkətin bütün istismar ərazisini əhatə edən kabel-kanal qurğuları, fiber-optik şəbəkəsi, IP/MPLS texnologiyasına əsaslanan daşıyıcı şəbəkəsi, GPON texnologiyasına əsaslanan paylayıcı şəbəkəsi mövcuddur. Qurumun tabeliyində altı Rabitə xidmətləri mərkəzi, “Azərrabitəlayihə” MMC və “AzEuroTel” MMC fəaliyyət göstərir.

Müştəri məmnuniyyətinin yüksəldilməsi və xidmət coğrafiyasının genişləndirilməsi məqsədi ilə hazırda fiber-optik, magistral və paylayıcı şəbəkənin əhatə dairəsinin artırılması istiqamətində layihələr həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi