Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyinin nəzdində fəaliyyət göstərən ‘’Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi’’nin İnkubasiya proqramı çərçivəsində uğurlu nəticə göstərmiş 4 startapla "Demo Day" təşkil edilib.
"Report" bu barədə agentliyə istinadən xəbər verir.
Virtual formatda keçirilmiş görüşdə 4 komanda inkişaf etdirdikləri innovasiya əsaslı biznes təkliflərinin və minimum məhsullarının təqdimatını həyata keçiriblər.
‘’Ziyas’’ startapı-hava və dəniz limanlarından şəhərlər və ölkələrarası nəqliyyat transferini sifariş edən onlayn platforma, ‘’Spendonate’’ startapı-istifadəçilərə qazandıqları cashback-ləri xeyriyyə məqsədləri üçün ianə etmələrinə dəstək verən mobil tətbiq, ‘’Stubie’’-xarici universitetlərə qəbul prosedurları haqqında onlayn maarifləndirmə platformasi və ‘’Bardachok.io’’ isə avtomobil sahibləri üçün texniki xidmət haqqında vaxtaşırı xəbərdarlıqıarın alınması üçün düşünülmüş mobil tətbiqdir.
"Demo Day" tədbirində bir sıra potensial yerli investorların iştirakı təmin olunub. Tədbir əsasən startapların öz məhsullarını gələcəkdə daha da inkişaf etdirmək baxımından mövcud maliyyə imkanlarına çıxışlar əldə etmək, müvafiq sahə üzrə investorlar şəbəkəsi ilə tanış olmaq və birbaşa əlaqələrin qurulması zəminində təşkil olunur.