“Huawei” şirkəti “MatePad Pro” planşetinin ikinci nəslini buraxmağa hazırlaşır. Cihaz şirkətin öz istehsalı olan “HarmonyOS” əməliyyat sistemi ilə təmin olunacaq.
“Report” xəbər verir ki, bu barədə “Gizmochina” yazır.
Kod adı “Wanger” olan bu planşet Çin tənzimləyicisi TENAA-nın məlumat bazasında görünüb. Sertifikatlaşmış məlumatlara görə, “MatePad Pro 2” beşinci nəsil şəbəkələrdə işləmək üçün dəstək alacaq. Bundan əlavə, planşet “Huawei” tərəfindən “Android”in əvəzləyicisi olaraq hazırlanmış “HarmonyOS” əməliyyat sisteminin avtomatik olaraq quraşdırıldığı ilk cihaz olacaq.
Ola bilsin, yeni nəsildə IPS ekranını AMOLED matrisi əvəz edəcək. Ekranın diaqonalı 12,6 düym olacaq. “HiSilicon Kirin 9000 SoC” prosessorundan istifadə oluncağı isə artıq insayderlər tərəfindən təsdiqlənib.