İnarə Vəliyeva: "Bir neçə ildən sonra İRİA-ya ehtiyac olmayacaq"

İnarə Vəliyeva: "Bir neçə ildən sonra İRİA-ya ehtiyac olmayacaq" Azərbaycanın ilk vençur fondu olan “Caucasus Ventures” bu günə qədər 11 startapa dəstək verib, 3 startapa isə dəstək verilməsi prosesinə başlanacaq.
İKT
1 Dekabr , 2023 14:21
İnarə Vəliyeva: Bir neçə ildən sonra İRİA-ya ehtiyac olmayacaq

Azərbaycanın ilk vençur fondu olan “Caucasus Ventures” bu günə qədər 11 startapa dəstək verib, 3 startapa isə dəstək verilməsi prosesinə başlanacaq.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva Bakıda keçirilən "Inmerge" İnnovasiya Sammitinin ikinci günündə "Rəqəmsallaşma ilə bağlı paneldə çıxışı zamanı deyib.

İ.Vəliyevanın sözlərinə görə, təmsil etdiyi qurum gələcəkdə də startapların dəstəklənməsinə davam edəcək:

“Agentliyimizin dəstəyi ilə fəaliyyət göstərən “Technest” proqramı vasitəsi ilə 4 000 gəncə təqaüd verilib və növbəti ildə bu rəqəm 5 000-ə çatacaq.
Biz ötən ildən həm də texnoparklarımızda virtual rezidentlik işlərinə başladıq. Bu günə qədər texnoparkımızın 63 virtual rezidenti qeydə alınıb ki, onun 8-i xarici şirkətdir”.

İRİA rəsmisi deyib ki, gələcəkdə iri holdinqlər İRİA-nın funksiyalarını yerinə yetirəcək: “Bir neçə il sonra bizə ehtiyac olmayacaq. İri şirkətlər, holdinqlər innovasiya mərkəzi olacaq və bizim də əsas məqsədimiz budur”.

Xatırladaq ki, 2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə innovasiya ekosisteminin inkişafı üçün “Caucasus Ventures” vençur fondu yaradılıb.

Fondun nizamnamə kapitalı 11,3 milyon manat təşkil edir. “Paşa Holdinq” Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1,3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəliblər. Eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək “Caucasus Ventures”ə əlavə 5 milyon manat vəsait ayırıb.

Fondun yaradılmasında əsas məqsəd toxum sonrası böyümə və “A” mərhələsində olan startaplara sərmayə yatırmaqdır. Fond Azərbaycanın innovasiya ekosisteminin inkişafı üçün əlverişli şərait yaradacaq, ölkədə investisiya mədəniyyətinin formalaşmasına təkan verəcək, xarici startaplar və investorların diqqətini yerli bazara cəlb edəcək. Vençur fondu innovasiya ekosistemində maliyyə axınını təmin etməklə startapların inkişafına önəmli töhfə verəcək.

Son xəbərlər

Orphus sistemi