Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nəzdində fəaliyyət göstərən Kiber Hücumların Simulyasiyası Laboratoriyası tərəfindən elan edilən təcrübə proqramına seçimlər başa çatıb.
"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, qeydiyyatdan keçən 400-ə yaxın namizəddən müsahibə əsasında 30 nəfər seçilərək təlimlərdə iştirak hüququ qazanıb. Seçilən namizədlərlə Məlumat Hesablama Mərkəzinin rəhbərliyi arasında görüş keçirilib. Görüş zamanı təcrübə proqramının iştirakçıları üçün yaradılan şərait haqqında məlumat verildi, onlardan gözlənilən hədəflər diqqətə çatdırılıb.
Qeyd olunub ki, dünyada, o cümlədən ölkəmizdə kibertəhlükəsizlik ən aktual məsələyə çevrilib. Buna görə də sözügedən sahədə yerli mütəxəssislərin hazırlanması, onların peşə vərdişlərinin təkmilləşdirilməsi Məlumat Hesablama Mərkəzi üçün prioritetlərdəndir.
Görüş zamanı iştirakçılar bildirdilər ki, mentorların köməyi və yaradılan iş mühiti onların kibertəhlükəsizlik üzrə mütəxəssis kimi yetişməsində mühüm rol oynayacaq. Bundan əlavə, təcrübə proqramı müddətində iştirakçılar bir-biriləri ilə bilik mübadiləsi aparacaqlarını da düşünürlər.
Xatırladaq ki, iştirakçılar əsasən kiberhücumların simulyasiyası ilə bağlı praktiki biliklərə yiyələnəcəklər. Bununla yanaşı, vaxtın idarə edilməsi, effektiv komanda işi kimi bacarıqların formalaşdırılması təlimlərində də iştirak edəcəklər. Təcrübə proqramında praktiki məşğələlər 2 ay davam edəcək.