İRİA: "Mygov" üzərindən 40-dan artıq məlumat və sənəd istifadəyə verilib

İRİA: "Mygov" üzərindən 40-dan artıq məlumat və sənəd istifadəyə verilib Hazırda "mygov" üzərindən 40-dan artıq məlumat və sənəd istifadəyə verilib.
İKT
17 Sentyabr , 2024 13:18
İRİA: Mygov üzərindən 40-dan artıq məlumat və sənəd istifadəyə verilib
İnarə Vəliyeva

Hazırda "mygov" üzərindən 40-dan artıq məlumat və sənəd istifadəyə verilib.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri İnarə Vəliyeva deyib.

O bildirib ki, bunlardan 4-nün hüquqi əsası yaradılıb: "Bunlar ölüm haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə, nigah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsidir. Hazırda demək olar ki, bütün xidmətlər "mygov" üzərindən təqdim edilir. Amma biz onları maksimum olaraq vətəndaşyönümlü etməyə çalışırıq. Məsələn, bu gün hər hansı vətəndaşın övladı dünyaya gəlibsə, o, prosesin əvvəlindən sonuna qədər rəqəmsallaşdırılmış formada, yəni dövlət qurumlarına getmədən və ya platformadan platformaya keçid etmədən lazımi xidməti ala biləcək. Bu, artıq 3 həyat hadisəsi, yəni ölüm, doğum və nikah hadisələri üçün mümkündür. Nikahda bu, tam rəqəmsal olmayacaq və şəxs mütləq gedib fiziki olaraq da prosesdə iştirak etməlidir”.

İ.Vəliyeva qeyd edib ki, ümumilikdə 11 həyat hadisəsi var və hər birinin 2026-cı ilin sonuna qədər rəqəmsallaşdırılması planlaşdırılır: “Fiziki iştirakın daha çox olduğu xidmətlər təqdim edən bir çox dövlət qurumu var ki, biz bunları "mygov"da maksimum asanlaşdırmağa hazırlaşırıq. Həmin qurumlarla yol xəritəsi hazırlamışıq və bununla da rəqəmsallaşdıracağımız xidmətləri, onların ardıcıllığını müəyyən edirik”.

Tətbiqə daxil olarkən səhv və ya əskik məlumatların aradan qaldırılması üçün datanın təmizləndiyini də diqqətə çatdıran İdarə Heyətinin sədri bunların aradan qaldırılması üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi