“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu il yanvarın 1-dən bu günə kimi sosial şəbəkələrdə 126 saxta səhifənin yoxlanılması həyata keçirilib. Məhz bu səhifələr üzərində yalan informasiyalar paylaşılır”.
“Report”un xəbərinə görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Sosial Tədqiqatlar Mərkəzinin (STM) tərəfindən hazırlanan “Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdidlər”lə bağlı hesabatın təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, dezinformasiyaya qarşı mübarizə aparmaq üçün cəmiyyətin bütün təbəqələri birgə çalışmalıdır: “44 günlük müharibə zamanı düşmənin təxribatları sonsuz qədər idi. Onların şikayətləri nəticəsində bir çox insanın hesabı bağlanmışdı. Ancaq bizim müdaxiləmiz və müraciətimiz nəticəsində 159 tanınma nişanının alınması təmin edilib”.