Ölkəmizdə işgüzar səfərdə olan Beynəlxalq Astronavtika Federasiyasının (IAF) nümayəndə heyəti ilə görüş keçirilib.
"Report" xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.
Məlumatda həmçinin deyilir ki, görüşdə nazir Rəşad Nəbiyev Azərbaycanın Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən uğurlu peyk layihələri sayəsində dünya kosmik ailəsinin bir üzvünə çevrildiyini bildirib.
“Məhz bunun nəticəsidir ki, Beynəlxalq Astronavtika Konqresi kimi vacib tədbir 50 il sonra yenidən Bakıda keçiriləcək”, – deyə görüşdə vurğulanıb.
Qeyd olunub ki, bu tədbir Azərbaycanla yanaşı, qonşu ölkələrə, o cümlədən IAF üzvü olmayan dövlətlərə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkan yaradacaq.
Beynəlxalq Astronavtika Federasiyasının prezidenti xanım Paskal Erenfroynd çıxışında “Azərkosmos”a sıx əməkdaşlığa görə təşəkkür edib.
“Mən əminəm ki, 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresi Azərbaycanın kosmik arenadakı mövqeyində önəmli iz buraxacaq və ölkənin qlobal kosmik sənayenin hərəkətverici qüvvələrindən biri olmasına təkan verəcək”, – deyə federasiya prezidenti vurğulayıb.
Görüş çərçivəsində “Azərkosmos” və Beynəlxalq Astronavtika Federasiyası arasında 2023-cü ildə Bakı şəhərinin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi ilə bağlı müqavilənin rəsmi imzalanma mərasimi keçirilib.
İmzalanma mərasimindən sonra Astronavtika Federasiyasının nümayəndə heyətinin də iştirakı ilə media təmsilçiləri üçün brifinq keçirilib və onların sualları cavablandırılıb.
Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan agentlik, şirkət və təşkilatların dünyadakı qabaqcıl tərəfdaşları ilə daha sıx əlaqələrin qurulması, regiona kosmik texnologiyaların transferi prosesinin sürətləndirilməsi, insan kapitalının inkişafı, eləcə də ölkəmizin beynəlxalq arenada “regionun kosmik mərkəzi” və etibarlı tərəfdaş nüfuzunun daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək.
Xatırladaq ki, 2019-cu ildə ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında Bakı şəhəri 2023-cü ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb. Bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd olan şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu Dehli şəhərləri də olub.
Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos”un idarə etdiyi “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb.