Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) abonentin sayğaclarının yoxlanması ilə bağlı bir sıra həlləri var və yaxın vaxtlarda onun tətbiqinə başlayacaq.
"Report" xəbər verir ki, bunu "Dördüncü Sənaye İnqilabında trendlər" tədbirində çıxış edən SOCAR-ın informasiya texnologiyaları və kommunikasiya idarəsinin rəis müavini Fuad Əliyev deyib.
F.Əliyev əlavə edib ki, abonent sayğacın şəklini çəkməklə onun oxunmasını həyata keçirə bilər: "Bilirik ki, abonentlərin qaz göstəricilərinin oxunması ilə bağlı müəyyən çətinliklər var. Abonent öz smartfonu ilə qaz sayğacının şəklini çəkməklə biz onun qaz istifadəsi ilə bağlı məlumatlarını əldə edə biləcəyik. Texniki desək "image processing" baş verəcək".
Onun sözlərinə görə, uzun müddət "machine learning" mərhələsi çərçivəsində böyük həcmdə şəkillər çəkildi: "Süni intellektə platforma öyrədildi və artıq o qərar verə bilir. Sınaq nəticələrində 90 %-in üzərində nəticə əldə etmişik. Təbii ki, zamanla daha yüksək göstəricilər əldə edə biləcəyik".