Süni intellektlə bağlı qlobal razılaşma kiberfəzaya nə verəcək?

Süni intellektlə bağlı qlobal razılaşma kiberfəzaya nə verəcək? Ötən həftə 18 ölkə süni intellektin fəaliyyətinə nəzarət etməklə bağlı 20 səhifəlik sənəd imzalayıb.
İKT
1 Dekabr , 2023 11:29
Süni intellektlə bağlı qlobal razılaşma kiberfəzaya nə verəcək?

Ötən həftə 18 ölkə süni intellektin fəaliyyətinə nəzarət etməklə bağlı 20 səhifəlik sənəd imzalayıb.

Sənədə imza atan ölkələr arasında ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Çexiya, Estoniya, Polşa, Avstraliya, Çili, İsrail, Nigeriya və Sinqapur da adı yer alıb.

Yeni razılaşma süni intellekt texnologiyası formasını hakerlərin oğurlamasının qarşısını almaq üçün tədbirlərə diqqət yetirir və süni intellekt modellərinin yalnız zəruri təhlükəsizlik testindən sonra buraxılmasını tövsiyə edir.

“Report”a açıqlama verən "Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov hesab edir ki, belə bir sənədə hər zaman ehtiyac olub.

“Bu aralar süni intellektlə bağlı ən böyük qalmaqal Fransanın “ChatGPT”ni məhdudlaşdırması olub. İddia ondan ibarətdir ki, adıçəkilən platforma istifadəçilərin fərdi məlumatlarını toplayır. Həmçinin Fransa 18 yaşdan aşağı insanlar üçün fərqli yanaşma tələb edir. Amma ABŞ və Böyük Britaniya başda olmaqla bir sıra ölkələr süni intellektlə bağlı sənəd imzalayıb. Bu o deməkdir ki, həmin ölkələrin özlərinin yaratdığı süni intellekt modelləri bu qaydalara uyğunlaşdırılacaq. Həmçinin “ChatGPT”, “Bard” kimi uğur qazanmış beynəlxalq layihələr də bu razılaşmaya uyğun fəaliyyət göstərəcək. Əslində bu uyğunlaşmanı icra etmək özü-özlüyündə çətindir. Çünki lokal süni intellekt həlləri o qədər də məhsuldar olmur. Təcrübə də onu göstərir ki, qlobal korporasiyaların məhsulları daha çox təsirli olur. Hesab edirəm ki, qlobal süni intellekt məhsullarına nəzarət baş tutsa, onların insan hüquq və azadlıqlarına əməl etməsini təmin etmək mümkün olsa uğurlu nəticə əldə etmək olar”, - deyə o qeyd edib.

Ekspert düşünür ki, süni intellektə nəzarətin olmaması gələcəkdə ondan mənfi məqsədlər üçün istifadəyə imkan yarada bilər.

Müqaviləni şərh edən ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin direktoru Cen İsterli isə deyib ki, bu müqavilə kibertəhlükəsizliyin təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir: “Biz ilk dəfədir ki, bu tipli sənədə imza atırıq. Razılaşma mövcud imkanlarımızdan necə istifadə edəcəyimizi, onları necə bazara çıxara biləcəyimizə aydınlıq gətirəcək. Ola bilsin ki, xərcləri azaltmaq üçün rəqabəti artıraq. Amma müqavilənin ən önəmli cəhəti odur ki, dizayn mərhələsində təhlükəsizliyin təmin edilməsi önə çıxarılıb".

Son xəbərlər

Orphus sistemi