Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Take Off Baku” beynəlxalq startap sammiti işə başlayıb.
"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, sammitdə Azərbaycan daxil olmaqla 8 ölkədən 50 startap iştirak edir.
İştirakçı startaplar təhsil sahəsində 9, “Fintech” üzrə 5, səhiyyə üzrə 2, “Ağıllı şəhər” üzrə 7, nəqliyyat və logistika üzrə 2, infrastruktur və təhlükəsizlik üzrə 2, əyləncə üzrə 3, sosial sahə üzrə 8, “Media&Ads” üzrə 1 və digər sahələr üzrə 11 təkliflə investorlar qarşısında təqdimatla çıxış edəcəklər.
Təqdim edilmiş layihələrin ümumi məhsulunun 80%-i proqram, 2%-i isə aparat təminatına aiddir.
İştirakçı statusu əldə etmiş 50 startapa tədbirin rəsmi açılış mərasiminə kimi beynəlxalq mentorlar tərəfindən “Marketdə düzgün seqmentin seçilməsi”, “Müştəri yönümlü həllər”, “Pitçinq”, “İnnovativlik və Səmərəlilik” və “Startap komandasının funksional səriştəliliyi” mövzularında 11 master-klass təşkil olunub.
Bununla yanaşı, tədbir çərçivəsində startaplara təqdimatla çıxış etmək, B2B formatda görüşlər keçirmək, investorlarla görüşmək, sərgi və panel müzakirələrdə iştirak etmək imkanları yaradılacaq.
“Take Off Baku” startap sammitinin moderatoru qismində startaplar və akseleratorlar üzrə beynəlxalq səviyyəli ekspert Tal Catran çıxış edəcək.
Yeni innovativ layihə və həll yolları təklif edən startapların mükafatlandırılması mərasimi mayın 28-də baş tutacaq.