"Take off Baku” beynəlxalq startap sammitinə 300-ə yaxın startap qoşulmaq istəyir

"Take off Baku” beynəlxalq startap sammitinə 300-ə yaxın startap qoşulmaq istəyir “TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək “Take Off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb.
İKT
4 Aprel , 2022 15:24
Take off Baku” beynəlxalq startap sammitinə 300-ə yaxın startap qoşulmaq istəyir

“TEKNOFEST Azərbaycan” çərçivəsində keçiriləcək “Take off Baku” beynəlxalq startap sammitinə qeydiyyat başa çatıb.

Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Şimali və Cənubi Amerika, Afrika, Avropa və Asiya qitəsindən ümumilikdə 287 startap Bakıda keçiriləcək beynəlxalq tədbirdə iştirak etmək üçün innovativ layihələrini təqdim ediblər.

Xatırladaq ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26 – 28 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində “Take off Baku” beynəlxalq startap sammitinin qeydiyyat prosesi yekunlaşıb.

Qeyd edək ki, ümumilikdə 32 ölkədən 287 startap beynəlxalq tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib, onlardan 101-i Azərbaycan təmsilçisidir.

İnnovativ layihələrin kateqoriyalarına gəlincə, təhsil sahəsində 43, “Fintech” üzrə 26, səhiyyə üzrə 30, “Ağıllı şəhər” üzrə 20, nəqliyyat və logistika üzrə 20, infrastruktur və təhlükəsizlik üzrə 11, əyləncə üzrə 14, sosial sahə üzrə 28, “Media&Ads” üzrə 6 və digər sahələr üzrə 89 təklif təqdim edilib.

Təqdim edilmiş layihələrin 14-ü ideya, 76-sı prototip (məhsulun ilkin nümunəsi), 126-sı MVP (alıcılar tərəfindən alınan və alıcı rəylərinə əsasən təkmilləşdirilə bilən məhsul) və 71-i böyük sərmayələrin cəlb edilməsi mərhələsindədir.

Müsabiqənin şərtlərinə əsasən MVP-yə malik olan startaplar növbəti mərhələdə iştirak etmək hüququ qazanacaq. Ən azı 35-i yerli startap olmaqla tədbir iştirakçılarının sayı 50 komanda ilə məhdudlaşdırılacaq.

İlkin təsnifatlandırmadan uğurla keçən startaplar tədbirin rəsmi açılış mərasiminə kimi 1 aylıq peşəkar mentorluq dəstəyi ilə təmin olunacaqlar. Sammit çərçivəsində yerli və beynəlxalq tərəfdaşlardan ibarət münsiflər heyəti 50 startap arasından yarım final və final mərhələsinin qaliblərini seçəcəklər.

Qeyd edək ki, sammitdə startaplara təqdimatla çıxış etmək, B2B formatda görüşlər keçirmək, sərgi və panel müzakirələrdə iştirak etmək imkanları yaradılacaq.

Yeni innovativ layihə və həll yolları təklif edən startapların mükafatlandırılması mərasimi 28 may tarixində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi