İstifadəçinin gözünə, demək olar, görünməyən ekranaltı ön kameralar artıq 2021-ci ildə smartfonlara kütləvi şəkildə daxil ediləcək.
“Report” xəbər verir ki, bu barədə tanınmış insayder “Ice universe” tvitterdə məlumat yayıb.
“Samsung”, “Xiaomi”, “Oppo”, “Vivo”, ZTE və “Meizu” şirkətlərinin ilin ikinci yarısında ekran altında yeni selfi kameralı telefonları təqdim edəcəyi gözlənilir. Şüşəaltı ötürücülərdən istifadə edən “Samsung” və” Oppo”nun cihazları qatlanan olacaq, bu cür texnologiyalı ilk “Xiaomi” modeli isə “Mi Mix 4” olacaq.
Yeni texnologiya ekranın aşağısında fotosensor yerləşən hissəsində üzvi və qeyri-üzvi maddələrin birləşməsinin istifadəsini nəzərdə tutur. Bu, kamera üçün kiçik sahəni şəffaf edir, lakin gözlə onu ekranın qalan hissəsindən ayırmaq olmur.
İlk belə smartfonlardan biri 2020-ci ilin payızında buraxılan “ZTE Axon 20 5G” olub. Lakin model o qədər də uğurlu olmayıb: ekranaltı kamera çəkilişin keyfiyyətinə görə tənqidə məruz qalıb, hətta onu 2000-ci illərdəki düyməli telefonlarla müqayisə ediblər.