"Azərbaycan və Ukrayna 4G şəbəkəsinin inkişafı sahəsində əməkdaşlıq etməkdə maraqlıdır".
Bunu “Report”un Şərqi Avropa bürosuna Ukrayna Ali Radasının antikorrupsiya siyasəti komitəsi sədrinin birinci müavini, xalq deputatı Yaroslav Yurçişin bildirib.
“Azərbaycanlı investorların bu sahəyə cəlb edilməsi üzrə işlərin son mərhələsinə çatmaqdayıq. Bu niyə bizim bu qədər vacibdir? Ukraynada mobil rabitə Avropa ilə müqayisədə bir o qədər də bahalı deyil, lakin perspektivlidir. Ölkəmizin bir hissəsi prinsipcə mobil rabitə ilə təmin edilməyib. Bununla belə, dövlət xidmətlərinin rəqəmsallaşdırılması, transformasiyası və onlardan yararlanma, habelə İT sahəsinin tətbiqi üzrə strateji istiqamət böyük perspektivlər yaradır”, - o deyib.
Onun fikrincə, ikitərəfli əməkdaşlığın inkişafı üzrə perspektivli istiqamətlərdən biri də infrastruktur layihələrin icrası, xüsusilə də magistral yolların salınması ilə bağlıdır. Bu sahədə Azərbaycan müsbət təcrübəyə malikdir.
Azərbaycan və Ukrayna arasında energetika sahəsində əməkdaşlığa gəlincə, o vurğulayıb ki, bu baxımdan xarici investorlar arasında ən uğurlusu Azərbaycan Dövlət Neft Şirkətidir (SOCAR).
“SOCAR bazara daxil olduqdan sonra avtomobil sürən bir çox dostlarım Ukraynada neft məhsullarının keyfiyyətinin yaxşılaşması haqqında danışmağa başladılar”, - Y.Yurçişin diqqətə çatdırıb.