Azərbaycan Milli Elmlər Akademiyasına məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-yə (YTP) daha bir inkubator-rezident qəbul olunub.
"Report" xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.
Məlumata görə, yeni rezident “Troniq” MMC-dir. Şirkət ən müasir standartlar əsasında robototexnikalar hazırlayır və onların süni intellekt sistemlərinə inteqrasiya edir.
"Troniq"in həyata keçirdiyi layihələr arasında interaktiv mobil xidmət robotu “Kiki”, mühafizə xidmətlərinə və mülk sahiblərinə anında məlumat vermək imkanına malik “Pignus” sistemi, istənilən növ müəssisədə və ya mühitdə yoluxucu xəstəliklərin, virusların və mikrobların yayılmasının qarşısını almaq üçün hazırlanmış “Seit-uv” robotu, LED lampaların istehsalı və s. qeyd etmək olar.
Şirkət texnoloji məhsulları sınaqdan keçirtmək üçün bünövrənin müasirləşdirilməsinin tam və kompleks yanaşmasını təklif edir. Bütün avadanlıqlar və proqram təminatları keyfiyyət və təhlükəsizlik üzrə kompleks sınaqlardan keçirilir.