Bakıda tanınmış mərakeşli fotoqraf Məhəmməd Tazinin “African Soul” (“Afrika ruhu”) adlı sərgisinin açılışı olub.
“Report” xəbər verir ki, tədbir Mərakeşin Azərbaycandakı Səfirliyinin dəstəyi ilə təşkil olunub.
Tədbirin açılışında Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş sərginin Azərbaycan ilə Mərakeş arasında inkişaf edən əməkdaşlığının rəmzi olduğunu bildirib.
“Bildiyiniz kimi, bu gün bütün dünyada Afrika Günü qeyd olunur. Biz də onun populyarlaşmasına öz töhfəmizi vermək istərdik. Fotoqraf Məhəmməd Tazi dünyanın bu hissəsi ilə bağlı ən gözəl və unikal əsərlərini burada toplayıb”, - səfir deyib.
Fotoqraf M.Tazi də öz növbəsində əsərlərini Bakıda təqdim etməkdən şad olduğunu bildirib.
“Gözəllikləri ilə məni heyran edən Azərbaycanda olmaq mənim üçün şərəfdir”, - o əlavə edib.
Qeyd edək ki, sərgi iyunun 5-dək davam edəcək
Xatırladaq ki, Afrika Günü BMT-nin qərarı ilə hər il mayın 25-də Afrika İttifaqı ölkələri tərəfindən qeyd olunur.