Rəssam Əsmər Nərimanbəyova təkcə ölkəmizdə yox, ölkə hüdudlarından çox-çox uzaqlarda da məşhurdur. İyirmi ildən çoxdur Fransada yaşayıb-yaradan sənətkarımızı doğma yurdunda daha çox valideynləri Xalq rəssamı Toğrul Nərimanbəyov və Əməkdar rəssam, heykəltaraş Elmira Hüseynovaya görə tanıyırlar. Bizim cəmiyyətdə çoxdandır mövcud olan ehkam düşüncə tərzi məşhur valideynlərin özünü doğrultmağa bacarmış övladlarını “hə də, atası (anası) arxa durub, qabağa çıxarıb onu” deyə damğalayır. Amma Əsmər xanım xaricdə şöhrət qazanmaqla sırf öz istedadı və zəhmətkeşliyi ilə ad-san sahibi olduğunu sübut edənlərdəndir.
“Report”a verdiyi müsahibədə Əsmər Nərimanbəyova yaradıcılıq, Parisdə sürdüyü həyat, Vətənlə əlaqələri haqqında söhbət açıb:
- Əsmər xanım, görkəmli sənətkarlar ailəsində doğulub böyüməyiniz Sizə nələr qazandırıb?
- Çox şey qazandırıb desəm, sönük çıxacaq. Bizim ailədə milli adət-ənənələrə ehtiram, incəsənətə heyranlıq hakimdi, atam da, anam da, onların dostları da yaradıcı insanlardı. Biz sənətin ab-havası içində yaşayır, onu ciyərimizə çəkirdik. Uşaqlığımdan Azərbaycan mədəniyyətinin içində böyüsəm də, bununla yanaşı Avropa mədəniyyətilə də hərtərəfli qaynayıb-qarışmışam. Evdə olan saysız-hesabsız incəsənət kitabları mənim tərbiyəmin əsasını qoydu. O kitablar sevimli mütaliəmdi, indiyədək həmin duyğular içimdədir. Elə ilk kitab şəkillərimi də Velaskesin “Las Meninas” əsərini görəndən sonra işləməyə başladım. Qədim Avropa cəngavərliyi haqqında kitabları, Orta dövr, İntibah dövrü ilə bağlı ədəbiyyatı oxumağı çox sevərdim. Boyakarlıq əsərlərinin yer aldığı kitabları vərəqləməkdən sinov gedərdim. İllər sonra, artıq böyüyəndə də o zaman məni bu cür yaradıcılıq mühitində böyüdüb tərbiyə verdiklərinə görə valideynlərimə dərin minnətdarlıq hissi qalıb ürəyimdə. İndi də oğlum üçün bu cür ab-hava yaratmağa çalışıram... Həmçinin Azərbaycan və fars miniatür sənətilə də marqlanırdım. Nəticədə Şərq və Qərb mədəniyyətlərinə, onların qovuşmasına maraq yarandı məndə. Bu mədəniyyətlərin hər biri digəri olmadan mövcud ola bilməz, tarix boyu onlar arasında qarışıqlı əlaqələr, mübadilə olub. Dünya vahid bir bütövdür.
- Görünür, Qərb insanını həm öz əsərlərinizlə, həm də Azərbaycanın başqa rəssamları ilə tanış etmək istəməyiniz elə bununla bağlıdır.
- Fransada 1996-cı ildən yaşayıram. Buraya köçməyim həyat yoldaşımın Avropa Şurasında işləməsilə bağlı oldu. Atam da buraya köçmüşdü. Fransada elə ilk günlərdən həm fərdi sərgilərimi, həm də soydaşlarımızın əsərlərindən ibarət sərgilər təşkil etməyə başladım. Azərbaycan rəngkarlıq məktəbini burada tanıtdırmağa can atırdım. Bu sərgilər bəlkə də 50-yədək oldu. Təkcə Fransada yox, Bakıda öz qalereyamda, həmçinin Almaniyada, İngiltərədə, başqa ölkələrdə də keçirmişik. İlk üç sərgi, o cümlədən mənim fərdi sərgim və iki qrup sərgisi 2001-ci ildə Strasburqda, ölkəmiz Avropa Şurasının üzvlüyünə daxil olduğu ərəfədə keçirildi. Bu hadisə ilə əlaqədar Strasburqa səfər edən ümummilli liderimiz Heydər Əliyev də mənim bəxtimdən sərgilərimizlə tanış oldu. Bundan bir müddət sonra isə Əməkdar rəssam adına layiq görüldüyümü bildim. Bakıda gənc rəssamlarımızın sərgilərini təşkil etməklə bağlı ATƏT-in bir neçə layihəsini həyata keçirtdik. Eyni zamanda rəngkarlıq ustalarımızın bir çox sərgilərini Avropada da təşkil etmişəm. Parisdə lap prezident iqamətgahının yaxınlığında “Sotheby’s” və başqa məşhur hərrac binaları, habelə “Rus incəsənəti qalereyası” yerləşir. Yəni həmin ərazi çox hörmətli yerdir. Burada fırça ustalarımızın dörd böyüklər, iki uşaqlar sərgisini təşkil etmişik. Əslində təşkil etdiyim bütün sərgilərdən danışmaq çətindir, amma bir də Parisdəki “Bortone” qalereyasında dəfələrlə Azərbaycan və Türkiyə rəssamlarının sərgiləndiyini qeyd etmək istəyirəm.
Fransada banisi olduğum “Association de Togrul Narimanbekov” adlı təşkilatın məqsədi müxtəlif ölkələrdən sənətkarlar arasında mədəni mübadilə, habelə incəsənət sərgilərinin keçirilməsidir. Yəqin ki, bu cür tədbirlərin təkcə sənətsevərləri yox, həm də siyasətçiləri, ictimai xadimləri, beynəlxalq təşkilatların nümayəndələrini də cəlb etməsini söyləməyə lüzum yoxdur.
Mən sözlə yox, daha çox işlərimlə, əsərlərimlə danışmağı xoşlayıram. İndi sizə danışmaq istədiyim bir müsabiqə mənə maraqlı gəlir. Belə ki, “Faberge” şirkətinin Londonda keçirdiyi “The Big Egg Hunt” (yəni böyük yumurta ovu) adlı xeyriyyə sənət layihəsində iştirak etmişdim. Yumurta axtarmaq oyunu Qərb ölkələrində qeyd edilən Pasxa (mövlud) bayramının qədim adətidir. Həmin tədbir zamanı da paytaxtın müxtəlif yerlərində qurulan bir metrə yaxın hündürlükdə şüşə plastik yumurta maketləri bir çox ölkələrdən gələn həm peşəkar, həm də gənc dizaynerlər tərəfindən rənglənmişdi. Mən də bizim ölkə adından iştirak edərək yumurta rənglədim və həmin əsərin adını “Bakım” qoydum. Həmin əsər sonradan Londondakı məşhur Hayd Parkda sərgiləndi, daha sonra da “Sotheby’s”də satıldı. Onu da deyim ki, həmin layihədən əldə olunan vəsaitlər Asiya fillərinin mühafizəsilə məşğul olan “Elephant Family” və uşaqların problemlərilə məşğul olan “Action for Children” təşkilatların nəfinə toplanırdı. Həmçinin Vyanada, Berlində fərdi sərgilərim, İtaliyanın 5 şəhərində qrup sərgiləri keçirilib. İtalyanlar bizim sənət nümunələrinə çox böyük maraq göstərirdilər. Öz fərdi sərgilərim haqqında danışmağımın səbəbi vətənim Azərbaycanı təmsil və təqdim etməyimdir. İkinci Qarabağ müharibəsi dövründə Fransada baş verənlər burada bizim ölkəni, Azərbaycan və Qarabağ həqiqətlərini, sənət adamlarımızı tanıtdırmağın nə qədər böyük əhəmiyyət daşıdığını bir daha ortaya qoydu.
- Bütövlükdə Vətən müharibəmizi, Ordumuzun möhtəşəm qələbəsini burada necə qarşıladılar?
- Həmin o 44 gün ərzində hamımız gecələr yatmır, əlimizdə telefon daim vəziyyəti izləyirdik. Sözsüz ki, müharibə dəhşətdir, övladlarını şəhid verən anaları da yaxşı başa düşürəm. Amma bütün bunlarla torpaqlarımızın azad olunması çox böyük hadisədir, xalqımızın başucalığıdır. Atam əslən Şuşadandır, rus imperatoru İkinci Nikolayın Şuşanın bir neçə kəndinin ulu babama verdiyi mülkiyyət sənədləri indi də bizdədir. Hələ hər bir azərbaycanlı üçün Qarabağın nə demək olduğunu da yəqin ki, izah etmək artıqdır. Əlbəttə, burada karantin olduğu üçün hər hansı kütləvi aksiyalardan söhbət gedə bilməzdi. Burada Azərbaycan Mədəniyyət Mərkəzi də fəaliyyət göstərir, amma Fransada güclü erməni diasporu üzündən onların işi də xeyli çətindir.
Təsəvvürə gətirin, hələ əvvəlcədən, müharibə olacağını bilmədən “Şuşa ruhu” adlı sərgi hazırlamağa başlamışdım. Bəlkə də Şuşanın ruhu var və bizi bu işə sövq edib... O sərgidə Azərbaycan, Türkiyə, İtaliya rəssamları Nigar Familsoy, Tofiq Ağayev-Nərimanbəyov, Röya Həsənova, Rəna Əmrahova, Vəfa Əfəndizadə, Aysel Mirqasımova, Leyli Müseyibova, Olqa Palkovitz, Cəmalə Rəhmanlı, Zərifə Mirzəyeva, Sahib Əsədli, Leyli Musayeva, Hurgül Əliyeva, Zəhra Məmmədzadə, Fidan Səmədzadə, Zəhra İldırımzadə, Ayla Əziz, Zəhra Məmmədova, Ayan Nəbiyeva, Kamran Müzəffər Gəncər, Andrea Pozzi, Nərminə Vəliyeva, Ayla İnsanova, Luçiano Kagianello, Leyla Əliyeva, Güli Quliyeva, Hüseyn Haqverdiyev, Validə Rüstəmova iştirak edirdilər. Doğma torpaqlarımızın, Vətən uğrunda döyüşən igid oğullarımızın fikri məni də rahat buraxmırdı.
- Bir neçə kəlmə də planlarınızla bağlı danışardınız.
- Fevralın 9-da, anamın doğum günü onun xatirəsinə həsr olunmuş “İnsanlar, şəhərlər, zaman” adlı fotosərgi açılır. Bu tədbirdə müxtəlif dövrlər arasında bağlantını göstərmək istəyirəm. Sərgidə əvəllər təşkil etdiyim sərgilərdə iştirak etmiş rəssamların fotokamera vasitəsilə dünyanı necə gördüklərini əks edən foto əsərləri, habelə onların ailə böyüklərinin milli geyimdəki fotoşəkilləri, müasirlərimizin şəkilləri, həmçinin əlbəttə ki, ailəmizin də fotosalnaməsi təqdim olunacaq. Yəqin xəbəriniz var, ata babam Bakının qubernatoru olub. Orada İsaak Rubençik, Rafiq Nağıyev kimi ustalar tərəfindən çəkilmiş atam və anamın şəkilləri, Rafiq Qəmbərovun əsərləri də olacaq. Orada çoxdandır aramızda olmayanların çöhrəsini görə biləcəyik. Həmin sərgidə Azərbaycan, Gürcüstan, Almaniya təmsilçisi olan İrine Caparidzze, Maya Bağırova kimi peşəkar fotoqraflar da iştirak etdiyinə görə müxtəlif ölkələrin müxtəlif dövrlərə aid insan və cəmiyyət görüntüləri ortaya çıxarılacaq. Bütün əsərlər ağ-qara olduğuna görə atam Toğrul Nərimanbəyovun bir neçə boyakarlıq əsərini də yerləşdirib bir az rəng qatmağı düşünürəm.
Eleonora Abbasquliyeva