Azərbaycan dirijorluq məktəbinin təşəkkülü və inkişafı Maestro Niyazinin adı ilə bağlıdır.
"Report" xəbər verir ki, bunu görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına beynəlxalq mükafat laureatı Maestro Niyazinin anadan olmasının 112 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazi Mənzil Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov deyib.
Onun sözlərinə görə, indiki dirijorların böyük əksəriyyəti onun yaratdığı məktəbin və irsin yetirmələridirlər: "Maestro Niyazinin Azərbaycan simfonizminin inkişafında rolunu xüsusi qeyd etmək lazımdır. O. bir çox simfonik və vokal əsərlərin, kino və film musiqilərinin müəllifidir. Hər kəsə bəllidir ki, Niyazi dünyanın bir çox ölkəsində Azərbaycan musiqisini qürurla təqdim edib, tanıdıb. Dünyanın ən böyük ölkələrində sayılıb, seçilən sənət ustası kimi tanınıb. Biz də onun xatirəsini qürurla anırıq və yaşadırıq".
Tədbir daha sonra bədii hissə ilə davam edib. Konsert proqramında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Gülnaz İsmayılovanın ("Arzu" romansı), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Ramil Qasımovun ("Vətən nəğməsi") və başqalarının ifalarında Niyazinin və Azərbaycan bəstəkarlarının əsərləri ifa edilib. Konsert proqramının rejissoru Əməkdar artist İnarə Babayevadır.
Tədbirin sonunda bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanan, Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou ilə müşayiət olunub.