Naxçıvan Dövlət Universitetinin tələbələri “O olmasın, bu olsun” əsərini səhnələşdirib.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri Üzeyir Hacıbəyli yaradıcılığının ən parlaq nümunələrindən sayılan “O olmasın, bu olsun” musiqili komediyasını nümayiş etdirib.
Muxtar respublikanın yaranmasının 100-cü ildönümü münasibətilə təqdim olunan tamaşanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələri izləyiblər.
Tamaşadan əvvəl Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək bildirib ki, universitet muxtar respublikanın 100 illiyinə töhfələr verməkdə davam edir və nümayiş etdirilən musiqili komediya da ali məktəb kollektivinin bu yubileyə hədiyyəsidir. Rektor vurğulayıb ki, bu, həm də istedadlı tələbələrin Naxçıvan ictimaiyyəti qarşısında hesabatıdır.
Universitetin Konservatoriyası və Musiqi Kollecinin müəllim və tələbələri tərəfindən səhnələşdirilən tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Əməkdar artist Mübariz Əsgərov, dirijoru Xalq artisti, professor Çingiz Axundov, quruluşçu rəssamı Əməkdar rəssam Cavid İsmayılovdur.
Tamaşada ümumilikdə, 42 müəllim və tələbə iştirak edib. Aktyorları universitetin kiçik tərkibli simfonik orkestri müşayiət edib.
Fuad Nəcəfli tamaşadan sonra aktyorlarla görüşüb, uğurlu səhnə həlli münasibətilə təbriklərini çatdırıb və onlarla xatirə fotosu çəkdirib.