İnklüziv “ƏSA” Teatrının qurucusu və rəhbəri Nihad Qulamzadənin “Report”a müsahibəsi
- Azərbaycanda inklüziv teatrın formalaşmasını zəruri edən amillər nə idi?
- “ƏSA” Teatrı sosial sifariş əsasında yaranıb. Belə bir ideyam olduğundan, ilk addımı da özüm atdım. Açığı, teatrın fəaliyyət dövrünün uzunmüddətli olacağını düşünmürdüm. Lakin ilk tamaşadan sonra insanların marağının daha da artması ölkədə inklüziv teatra həqiqətən ehtiyac olduğunu göstərdi.
- Fəaliyyətinizi pandemiya dövründə rəqəmsal platformalardan davam etdirirdiniz. Ancaq dövlət teatrlarında bu dövrlərdə olduqca durğunluq müşahidə olundu...
- Rəqəmsal platformalar üzərindən çox ciddi səviyyədə olmasa da, digital layihələrimizi həyata keçirdik. Əvvəlcə tamaşaların nümayişini həyata keçirdik. Ondan sonra rəqəmsal monoloqlarla bağlı layihələri gerçəkləşdirdik. Karantin qaydalarına əməl etmək şərti ilə məşqlərimizi də edirdik. Dövlət teatrlarının isə əlində olan imkanlar bizdən çox olduğundan düşünürəm ki, daha yaxşı işlər ortaya qoya bilərdilər. Xüsusən də islahatların getdiyi bir dövrdə dövlət teatrlarının yenilikçi olması zəruridir. Təsəvvür edin, pandemiya dövründə dövlət teatrları imkanları dəfələrlə az olan “ƏSA” Teatrı qədər addım ata bilmədi. Dövlət teatrları cəmiyyətə xidmət etmək üçün var, əgər bunu etmirsə, bağlansın. Amma o da mümkün deyil. Dövlət teatrlarında çalışan neçə-neçə peşəkarlar, sənətkarlar var. Yenə də, Mədəniyyət Nazirliyindəki kadr dəyişikliyi və struktur yeniliyinə ümidliyəm. Məlumata görə, yeni islahatların nəticəsi olaraq pandemiyadan sonra bu sahədə əsaslı addımlar atılacaq. Əgər islahatlar özünü doğrultsa, özəl teatrlar dövlət teatrlarından örnək götürəcək. Mənim də istədiyim bunun reallaşmasıdır.
- Mətbuata açıqlamanızda bildirmisiniz ki, ölkədə tearın nə olduğundan məlumatsız adamlar var. Həmin insanları teatrla tanış edib, sevdirməyin yolunu nədə görürsünüz?
- Son 3-4 ildir, internet portalları gündəmdədir. Kiminsə sosial mediada paylaşdığı bir paylaşıma minlərlə baxış olur. Əvvəl bu belə deyildi, xüsusi bir kütlə mövcud idi. Bu, insanların marağının və düşüncə tərzinin dəyişdiyini göstərir. Təbliğat məsələsi də burada önəmli faktordur. Teatrların təbliğatına əsas dayağı televiziyalar verməlidir. Amma onlar bu məsələdə maraqlı deyillər. Səbəb də kommersiya televiziyalarının çox olmasıdır. Tək çıxış yolu dövlət teatrlarının büdcədən ayrılan vəsaitdən düzgün istifadə edib, reklamla iş görməyi öyrənmələridir.
- "ƏSA"nın təbliğat işlərini necə həyata keçirirsiniz?
- Tamaşaçını cəlb etmək üçün onları tələyə salırıq. Bunu sözün yaxşı mənasında deyirəm. Tamaşaçını bəsit məqamlarla cəlb edirik. Çünki cəmiyyətin bəzi təbəqələri bəsit düşünür. Bunun səbəbi isə bugünkü ədəbiyyatda, musiqidə olan bəsitlikdir. Həmin bəsitliklər cəmiyyətin düşüncələrinə də təsir edib. Bu baxımdan deyirəm ki, onları öyrəşdikləri bəsitliklə cəlb etməyə çalışırıq. Amma tamaşanı izləyəndə qarşılaşdıqları qəribə bir mürəkkəblik olur. Onlar həmin mürəkkəbliyə aşiq olurlar. Reklamlarda “tamaşaya gəlin, həyatınız dəyişəcək” kimi mübaliğələrlə çıxış etmirik. Biz “gəlin, tamaşa izləyin” - deyə tamaşaçını dəvət edirik, onsuz da tamaşanı izləyəndə həyatları dəyişir.
- Bu gün Azərbaycan tamaşaçısının teatra maraqsız olmasının səbəbi nədir?
- İnsanların mədəni səviyyəsi zəifdirsə, bu, təhsildən asılıdır. Digər tərəfdən də teatrın özü insanlarda maraq oyada bilmir. Bugünkü cəmiyyət teatra getsə də, bəsitlik axtaracaq. Bizim cəmiyyətin intellektual səviyyədə izləmək istədiyi heç nə yoxdur. Elə sənətkarlarımız da bundan əziyyət çəkir. Onlar istəyir ki, cəmiyyət intellektual çıxışlara maraqlı olsun. Tamaşaçıdan istədikləri diqqəti görə bilməyəndə özlərinə qapanırlar. Bu məsələlərin əsas səbəbi isə texnologiyadan düzgün istifadə etməməyimizdir. İndiki gənclər hansısa oyunda kartof əkib-becərməyi öz gələcəkləri üçün çalışmaqdan daha üstün tuturlar. Dünya texnologiyadan inkişaf üçün istifadə edir, biz də gündən-günə texnologiya vasitəsilə cahilləşirik. Bir sözlə, bu cəmiyyət 50 il əvvəlki cəmiyyətdən tamamilə fərqlidir. Bugünkü cəmiyyət milli-mədəni kimliyini unudub.
- Açıq havada tamaşaların keçirilməsi bir çox ölkələrdə aktualdır. Bununla bağlı aidiyyəti qurumlara müraciət etmisiniz?
- Açıq havada tamaşa keçirmək üçün müəyyən maliyyə vəsaiti tələb olunur. Özəl qurum olduğumuza görə, bu, bizim üçün çətinlik yaradır. Düşünürəm ki, bundan sonra Mədəniyyət Nazirliyinə maliyyə ayrılması ilə bağlı müraciət edə bilərəm. Çünki teatra müraciət edənlər hədsiz çoxdur. Yetərincə maliyyəmiz olmadığından hər kəsi qəbul edə bilmirik. Doğrusu, bu, məni çox narahat edir. Həmçinin dövlət qurumları da bizi tanıyır. Düşünürəm ki, inklüziv teatrın əsasının dövlət səviyyəsində qoyulması ölkəmiz üçün də müsbət olacaq.
- Yeni tamaşa hazırlayırsınız?
- Sentyabrda teatrlar açılsa, “And” tamaşasını səhnələşdirəcəyik. Açığı, durğunluq dövrü teatr kollektivini çox yorub. İndi teatrların fəaliyyətinin bərpa olunması prosesini həvəslə gözləyirik. Bərpa prosesinin ardından Mədəniyyət Nazirliyi dəyişikliklərə başlayacaq. Dövlət teatrlarında yeni islahatların olması özəl teatrların fəaliyyətində də canlanmalara, dəyişikliklərə təkan verəcək.
- Karantindən ən çox zərər çəkən peşə sahibi kimi vaksinasiya prosesinə münasibətiniz necədir?
- Vaksin artıq müəyyən qədər özünü təsdiq edir. Mən də iki dozada peyvənd olunmuşam. Əgər kiminsə aşı olunmaması ümumi prosesə təsir edirsə, gərək bunu gecikdirməsinlər. İnsanlardan normal həyata qayıtmağımız üçün vaxtında vaksin olunmalarını xahiş edirəm.