"Şuşa şəhərində keçirilən Beynəlxalq “Xarıbülbül” festivalı yaxşı təşkil olunub".
Bu barədə “Report”a festivalın qonağı, Azərbaycan Kinematoqrafçılar İttifaqı nəzdində fəaliyyət göstərən Kino Məktəbinin direktoru, rejissor Oleq Səfərəliyev bildirib.
“İlk dəfədir Şuşadayam və məni bürüyən hissləri və emosiyaları ifadə etməyə söz tapa bilmirəm. Bir tərəfdən bu şəhərin tarixiliyini hiss edirəm, digər tərəfdən də bu şəhərin bərpası və onun təkcə mədəniyyət mərkəzinə deyil, həm də ölkəmizin özünəməxsus turizm mərkəzinə çevrilməsi üzrə aparılan işlərinin miqyasına heyrətlənirəm. Burada çox böyük işlər görülür”, - o deyib.
Rejissor tezliklə Şuşa şəhəri haqqında təkcə tariximizin qəhrəmanlıq səhifəsini deyil, həm də hazırda burada “qaynayan” mədəni həyat hadisələrinin əksini tapacaq yeni filmlərin nümayiş etdiriləcəyinə əminliyini söyləyib.
Xatırladaq ki, Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının üçüncü günü keçirilir. Tədbir Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə baş tutub. Burada xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən olan folklor kollektivləri iştirak edir.
Xatirə Kazımova