Bakı-Xırdalan-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının fəaliyyətinin bərpasının yubanma səbəbi məlum olub.
“Report”un hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, yubanmaya səbəb Bakı-Quba yolu üzərində inşa edilən yol ötürücüsünün (dəmiryolu körpüsünün) standartlara cavab verməməsidir:
“Bildiyiniz kimi, Bakı-Xırdalan- Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının intensivliyini təmin etmək üçün Bakı-Quba yolunun Xırdalan dairəsinin yaxınlığından keçən hissəsində körpünün yenilənməsi həyata keçirildi. Körpünün inşasını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə “Körpü-Bina-Tikinti” MMC (KBT) həyata keçirib.
Tikinti işləri bitdikdən sonra körpüdə test keçidi həyata keçirilib. Sınaq qatarı ilk olaraq 20 km/saat, daha sonra 40 km/saat sürətlə hərəkət edib. Hər iki halda körpünün əsməsi yoxlanılıb. Aşkar edilən nöqsanlar barədə həm AAYDA, həm də KBT-yə məlumat verilib”.
Mənbənin fikrincə, yay aylarında qatarların fəaliyyətinin bərpası gözlənir:
“Hazırda nöqsanların aradan qaldırılması istiqamətində işlər aparılır. Qaldırılan məsələlər nə qədər tez həll edilsə və aidiyyəti strukturlar körpünü istismara qəbul etsə, qatarların hərəkəti də həmin vaxt bərpa ediləcək. Yay aylarında sərnişinlər yenidən Bakı-Sumqayıt-Bakı qatarından istifadə edə biləcək”.
Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt qatarının fəaliyyəti 2020-ci ilin avqustun 10-da 3 aylıq dayandırılmışdı. Amma rəsmən açıqlanmayan səbəblərə görə, qatarların hərəkətindəki fasilə hələ də davam edir.
Əlavə edək ki, Bakı-Sumqayıt və əks istiqamətdə hərəkət edən sərnişinlər Bakı-Pirşağı-Sumqayıt qatarı ilə mənzilbaşına çata bilərlər.
***
AAYDA-dan isə bildirilib ki, sözügedən yol ötürücüsü sınaqlardan sonra ötən ilin sonundan istifadədir və üzərindən mütəmadi olaraq qatarlar hərəkət edir: “İndiyədək də dəmir yolu körpüsündə hər hansı nöqsan aşkarlanmayıb”.