Bakıda keçiriləcək "Formula 1" yarışları ilə bağlı xüsusi texnika və nəqliyyat vasitələri tam gücü ilə işə hazırdır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.
Bildirilib ki, 13-15 sentyabr tarixlərində Bakıda keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar ADSEA-nın İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti təlimləri plana uyğun olaraq davam etdirir. Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 2 saylı qarajında təşkil olunan növbəti tədbirdə xüsusi texnika və nəqliyyat vasitələrinə baxış keçirilib. Tədbirdə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədri Köçərli Həsənov, sədr müavini Tahir Xəlilov, Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Samir Cəbrayılov və əməkdaşlar iştirak ediblər.
İdarə rəisi Samir Cəbrayılov heyətin hazırlıq səviyyəsi ilə bağlı ətraflı məlumat verərək, xüsusi texnika və nəqliyyat vasitələrinin normativ qaydalara uyğunlaşdırıldığını bildirib. İdarənin nəzdində olan bütün növ avtomobillər baxışdan keçirilib və istismara yararlı vəziyyətə gətirilib. Xidmətin rəhbərliyi əməkdaşlarla söhbət edib, tapşırıqlar verib, fəaliyyətin daha səmərəli təşkili istiqamətində tövsiyələrini bildirib. Nəqliyyat vasitələrinin işlək vəziyyəti yerindəcə yoxlanılıb.
Təlim məşq toplantısında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəis müavini Ülfət Kazımov mediaya açıqlama verib. Onun sözlərinə görə, qarajda 44 xüsusi texnika və nəqliyyat vasitəsi gücləndirilmiş iş rejimində işləməyə tam hazırdır. Nasaz vəziyyətdə olan 8-ə yaxın nəqliyyat vasitəsi tam bərpa edilərək, gücləndirilmiş iş rejimində çalışmağa hazır vəziyyətə gətirilib.
Xatırladaq ki, "Formula 1" yarışları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində xüsusi komissiya yaradılıb. İdarə heyəti və işçi qrupundan ibarət olan komissiyanın təsdiq etdiyi plana uyğun olaraq tədbirlər davam etdirilir.