Gürcüstanın Batumi şəhərində “Argus Mineral Gübrələr 2021. MDB, Xəzər və Qara dəniz hövzələri ölkələrinin bazarları” adlı beynəlxalq konfransı keçirilib.
Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Express" MMC-dən bildirilib.
Məlumata görə, tədbirdə şirkətin nümayəndələri də iştirak ediblər.
Konfrans əsas istehsalçılar, ticarət və nəqliyyat şirkətləri, ixtisaslaşmış dövlət qurumları, yükgöndərənlər, ixracatçılar və maliyyə sektorunun nümayəndələrini bir araya gətirib. Pandemiya səbəbindən, uzun müddət ərzində ilk dəfə olaraq müxtəlif şirkətlərin nümayəndələri müxtəlif ölkələrdən olan iş ortaqları ilə kommersiya məsələlərini bir yerdə həll edərək fərdi ünsiyyət qurmaq, mövcud və yeni gübrə tədarükçüləri ilə görüşmək imkanı əldə ediblər.
Proqram çərçivəsində müxtəlif mövzularda müzakirələr aparılıb, mineral gübrələr bazarının böhran və çaxnaşma şəraitində sabitliyini qoruduğu qeyd edilib. Bölgə ölkələrindən olan istehsalçılar yeni istehsal müəssisələrini istifadəyə verməyə davam edirlər. Ticarət məhsullarının həcminin artması, Xəzər regionunda və Qara dəniz sahillərində yeni vaqonların, yükləmə məntəqələrinin və yükləmə kompleksləri kimi bütün nəqliyyat infrastrukturunun tutumunun artırılmasına ehtiyac yaradır.
"ADY Express"in nümayəndələri, müzakirələr, görüşlər və işgüzar danışıqlar çərçivəsində, Asiya-Avropa marşrutu üzrə Azərbaycanın dəmir yolları ilə mineral gübrələrin daşınması imkanları barədə tərəfdaşları məlumatlandırıblar və həmçinin bu növ malların Azərbaycan ərazisindən daşınması ilə bağlı ətraflı danışıqlar aparıblar.
Konfransda 20-dən çox ölkədən, Xəzər və Qara dəniz bölgələrindən, MDB ölkələrindən və Avropadan 150-dən çox şirkətin nümayəndəsi iştirak edib.
Xatırladaq ki, Xəzər-Qara dəniz regionunda ilk Argus gübrə konfransı 2019-cu ilin mart ayında Bakıda keçirilmişdi. Konfrans ölkəmizdə karbamid zavodunun fəaliyyətə başlaması ilə eyni vaxta təsadüf edib.