"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Express" MMC 2021-ci ildə 5 716 845 ton yük nəql edib.
"Report" şirkətə istinadən xəbər verir ki, bunun 427 032 ton daxili, 1 559 620 ton idxal, 2 258 609 ton ixrac, 1 471 584 ton isə tranzit yüklərin payına düşüb.
İxrac yüklərinin təyinat ölkələri əsasən İtaliya, Rusiya, Gürcüstan və Braziliya olub. Daha çox azot gübrələri, dizel, bitum və qudron, digər neft məhsulları və meyvə-tərəvəz nəql edilib.
"ADY Express"in nəql etdiyi idxal yüklərinin mənşə ölkələri isə əsasən Rusiya, Braziliya, Qazaxıstan və Ukrayna olub. Daha çox bugda, ağac məhsulları, şəkər, benzin və qara metal nəql edilib.
Tranzit yükdaşımalarda isə “ADY Express” daha çox Rusiya-Türkiyə, Rusiya-Gürcüstan, Rusiya-İran və Orta Asiya ölkələri ilə Gürcüstan və Türkiyə arasında yükdaşımalar həyata keçirib. Bu tip yükdaşımalarda daha çox azot gübrələri, benzin, neft məhsulları, metal yüklər və mineral sular nəql edilib.