“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev ölkəmizdə 5 illik fəaliyyətinin başa çatması ilə əlaqədar Amerika Gəmiçilik Bürosunun (ABS) Bakı ofisinin rəhbəri Ryan Salamati ilə görüşüb.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, görüşdə tərəflərin əməkdaşlığı yüksək qiymətləndirilib.
R.Vəliyev bildirib ki, istər donanmaların, istərsə də sahil müəssisə və təşkilatların işinin beynəlxalq standartlar səviyyəsində qurulması, mütəxəssislərin peşə hazırlığının artırılması ASCO-nun önəm verdiyi məsələlərdəndir, ABS bu istiqamətlərdə uğurlu əməkdaşlıq edir və bu, gələcəkdə də davam etdiriləcək.
Görüşdə enerji səmərəliliyi istiqamətində innovativ planların tətbiqi, qlobal karbon qazlarının azalma intensivliyi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
R.Salamti Beynəlxalq Dəniz Təşkilatının (IMO) tələblərinin ASCO-da icrasını vaxtaşırı yoxlayaraq təsdiqlənməsində, şirkətin uyğunluq auditini apararaq müvafiq İSO və İSM sertifikatlarının verilməsində yaxından iştirak edib.