“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) inşa olunan növbəti yedək gəmisi istismara verilib.
"Report" bu barədə ASCO-ya istinadən xəbər verir.
Məlumata görə, Xəzər Dəniz Neft Donanmasının balansına qəbul edilən gəmi “Tərtərçay” adlandırılıb. Onun uzunluğu 26 metr, eni 6,7 metr, bortunun hündürlüyü 3 metr, suya oturumu 1,6 metr, dedveyti 14 tondur. 6 nəfərlik heyətlə idarə olunan gəmi 9 uzellə hərəkət edəcək. Yedək gəmisi göyərtəsində 3 tonadək yük daşıya biləcək.
Xatırladaq ki, ZGTTZ-də geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri ilə yanaşı, müvafiq sertifikatlaşma əsasında 2017-ci ildən gəmilərin tikintisi də həyata keçirilir. “Tərtərçay” Zavodun inşa etdiyi sayca ikinci gəmidir. Bundan öncə “ASCO 1” adlı eyni tipli gəmi inşa oluraq təhvil verilmişdi. Hazırda bu seriyadan olan daha 4 ədəd gəminin inşası davam edir. Həmin gəmilərin mərhələli şəkildə istismara verilməsi planlaşdırılır.
Sözügedən üzən vasitələrin layihələndirilməsini ASCO-nun Xəzər Dəniz Layihə Elmi Tədqiqat İnstitutunun (“Xəzərdənizlayihə ETİ”) mütəxəssisləri yerinə yetiriblər.