“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid “Maestro Niyazi” quru yük gəmisinin təmiri yekunlaşıb.
"Report" ASCO-ya istinadən xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda gəminin baş və köməkçi mühərrikləri, nasosları, hava kompressorları və digər mexanizmləri təmir olunub. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb. Gəminin köməkçi buxar qazanı da təmir edilib.
Bundan başqa, quru yük gəmisinin sualtı və suüstü hissələri, baş göyərtəsi, göyərtə mexanizmləri və anbar qapaqları təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.
Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və yenidən istismara qaytarılıb.
“Maestro Niyazi” gəmisinin uzunluğu 140,33 metr, eni 16,5 metrdir, yükgötürmə qabiliyyəti isə 5 500 tondur.