Avropa ölkələrində fəaliyyət göstərən 200-ə yaxın hava limanı bağlanmaq təhlükəsi ilə üzləşib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Limanları Şurası məlumat yayıb.
Şura bəyan edib ki, əvvəlki sərnişin axını ilin sonuna qədər bərpa edilməzsə, Avropada 193 hava limanı müflis olacaq. Həmin hava limanları 277 min insanı işlə təmin edir və Avropa iqtisadiyyatına 12,4 milyard ABŞ dolları dəyərində töhfə verir.
Beynəlxalq Hava Limanları Şurası qeyd edib ki, iflas riski olan hava limanlarının böyük əksəriyyəti regional hava limanlarıdır, bu səbəbdən yerli məşğulluq və iqtisadiyyatlara mənfi təsirləri açıqdır.
Şura həmçinin bildirib ki, Avropanın 20 ən böyük hava limanının 16 milyard ABŞ dolları borcu var. Bu məbləğ normal bir ildə şirkətin dövriyyəsinin 60%-i qədərdir.
Beynəlxalq Hava Limanları Şurasının Avropa üzrə direktoru Oliver Jansoveç isə deyib ki, Avropanın hava limanları hər gün bağlanmaq riski ilə üz-üzədir: “Son 8 ayda Avropadakı bütün hava limanları zərərlə işləyir”.
Xatırladaq ki, koronavirus pandemiyası bir sıra sahələrlə yanaşı turizm və aviasiya sahəsində kəskin böhrana səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çərşənbə günü yaydığı statistikaya əsasən, Avropa koronavirus pandemiyasının yayılma tempi baxımından dünyada birinci yerə çıxıb. Son bir həftə ərzində bölgədə 1,33 milyondan çox yeni yoluxma hadisəsi aşkarlanıb. Eyni dövrdə Şimali və Cənubi Amerika ölkələrində 884 min, Cənub-Şərqi Asiyada isə 445 min yoluxma qeydə alınıb.