Avstriya "Bakı–Tbilisi–Qars"la yüklərin daşınmasında maraqlıdır

Avstriya "Bakı–Tbilisi–Qars"la yüklərin daşınmasında maraqlıdır Avstriya Federal Dəmir Yollarının Bakı–Tbilisi–Qars dəmir yolu xətti üzrə yüklərin daşınmasında maraqlıdır.
İnfrastruktur
20 Sentyabr , 2024 18:51
Avstriya Bakı–Tbilisi–Qarsla yüklərin daşınmasında maraqlıdır

Avstriya Federal Dəmir Yollarının Bakı–Tbilisi–Qars dəmir yolu xətti üzrə yüklərin daşınmasında maraqlıdır.

"Report"un “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən verdiyi məlumata görə, bu barədə bu gün Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində ADY sədri Rövşən Rüstəmov, Türkiyə Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin Baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın və Avstriya Federal Dəmir Yollarının Avrasiya – Mərkəzi Asiya üzrə əlaqələr rəhbəri xanım Enikö Györfi arasında üçtərəfli görüşdə deyilib.

Görüşdə həmçinin dəmir yolu ilə yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən Orta Dəhliz vasitəsilə yüklərin Çindən Avropaya və əks istiqamətə nəqlinin artırılmasının əhəmiyyəti geniş müzakirə olunub.

Bununla yanaşı, Avrasiya Nəqliyyat Marşrutunun Orta Dəhliz üzrə yükdaşıma marşrutlarının şaxələndirilməsinə töhfə verəcəyi, yeni assosiasiyanın yaradılması və Orta Dəhlizin cənub qanadı olan ANM-in inkişaf etdirilməsi ilə Çin–Mərkəzi Asiya–Avropa və əks istiqamətdə səmərəli, sürətli, təhlükəsiz yükdaşıma əməliyyatlarının təmin ediləcəyi vurğulanıb.

Xatırladaq ki, BTQ ilə yükdaşıma bu il mayın 20-dən bərpa edilib, həmin gün 20 konteynerdən ibarət ilk yük qatarı Abşeron Logistika Mərkəzindən Gürcüstan istiqamətində hərəkət edib. BTQ-nin Gürcüstan hissəsinin təmiri nəticəsində yükdaşımaların həcminin ildə 5 milyon tona çatması nəticəsində dəmir yolu xəttinin Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çevrilməsi planlaşdırılır.

Gələn ildən dəmir yolu xəttində daha intensiv yükdaşımalar həyata keçiriləcəyi gözlənilir. Artıq Çindən göndərilən yüklərin BTQ ilə nəql edilməsinə dair razılıq əldə edilib. Avqustun 13-də "Azərbaycan Dəmir Yolları" QSC ilə "Gürcüstan Dəmir Yolları" SC arasında yaradılan “BTKI Railways” MMC adlı birgə müəssisə BTQ dəmir yolu xəttinin Marabda-Kartsaxi hissəsinin infrastrukturunun istismarı və idarə edilməsini təmin etməklə yanaşı, BTQ ilə yükdaşımaların səmərəli təşkili və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək.

Bu il dəhliz vasitəsilə 200 blok qatarı keçib, ilin sonuna qədər 300-ə yaxın blok qatarının göndərilməsi gözlənilir və bu da təxminən 30 min TEU ekvivalentinə və ya 420 min tonadək yük həcminə bərabərdir. Gələn ildən ayda 50 blok qatarının dəhlizlə göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, BTQ-nin tikintisinə 2008-ci ildə başlanılıb və dəmir yolu xətti 2017-ci il oktyabrın 30-dan istismara verilib.

Son xəbərlər

Orphus sistemi