"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Pilotların Hazırlığı Mərkəzində "Embraer E-190" tipli təyyarələrində uçuşların simulyasiyası üçün yeni təlim trenajor kompleksi quraşdırılıb.
"Report" bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, kompleks milli aviadaşıyıcının pilotlarına xaricə getmədən ölkəmizdə hazırlıq keçmələrinə imkan verəcək.
Milli Aviasiya Akademiyasında trenajor kompleksinin quraşdırılması məqsədilə beynəlxalq pilotların hazırlığı mərkəzləri üçün irəli sürülən ən son tələblərə uyğun olaraq Trenajor kompleksinin yeni binası inşa edilib.
Trenajor kompleksinin istehsalçısı Amerikanın məşhur istehsalçısı olan "FlightSafety International" şirkətidir.
Həmin trenajorun alınmasına dair müqaviləni 16 dekabr 2019-cu il tarixində Bakıda AZAL-ın prezidenti Cahangir Əsgərov, Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev ilə "FlightSafety International" şirkətinin aviatrenajorlara xidmət üzrə icraçı direktoru Con Van Maren və satış üzrə direktor Filip Delfur imzalayıb.
"FS1000 Embraer E190-E1 Level D Full Flight Simulator" tipli yeni trenajor kompleksi MAA-da quraşdırıldıqdan sonra, onu Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) uğurla sertifikatlaşdıraraq trenajorlar üçün ən yüksək "D" səviyyəsinə uyğun olduğunu təsdiqləyib.
Sertifikatlaşdırma prosesində EASA 170-dən çox keyfiyyət və uçuş proseduru üzrə testlər edib. Trenajorun bütün sistemlərinin real hava gəmisi ilə uyğunluğu yoxlanılıb.
Həmin kompleksdə təkcə Azərbaycan pilotları deyil, xarici aviaşirkətlərin pilotları da təlim keçəcəklər.
"EMB190-100" tipli trenajor vasitəsilə uçuş zamanı təyyarənin kabinəsi, uçuş dinamikası və ətrafın görünmə dərəcəsi real həyatda olduğu kimi əks olunur. Bu, pilotlara təlimi uğurla başa vurduqdan sonra yeni tip hava gəmiləri üçün lisenziya almağa və ya yenidən hazırlıq keçməyə imkan verir.
"AZAL"ın Pilotların Hazırlıq Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. Nəzəri və təcrübi hazırlıq şöbələrindən ibarətdir. Nəzəri təlim şöbəsi hər il 300-dən çox ixtisasartırma kursunda 7000-dən çox mülki aviasiya mütəxəssisinin iştirakını təmin edir. Təcrübi təlim şöbəsində peşəkar təyyarəni idarəetmə bacarıqlarının əldə edilməsi və saxlanılması üçün çox vacib olan Airbus A319/320, Boeing 757/767, ATR-42/72, eləcə də Mi-8AMT helikopteri üçün uçuş trenajorları fəaliyyət göstərir.
"AZAL" yeni "Embraer E-190" tipli hava gəmisi üçün uçuş trenajorunda ekipajın təlimi ilə bağlı videoçarx hazırlayıb: