"Azərbaycan" gəmisi ilk səfərini başa vuraraq Bakı limanına qayıdıb

"Azərbaycan" gəmisi ilk səfərini başa vuraraq Bakı limanına qayıdıb Ələt-Kurık, Kurık-Ələt istiqamətində yerinə yetirilən səfər uğurla və təhlükəsiz şəkildə başa çatıb
İnfrastruktur
9 May , 2021 17:42
Azərbaycan gəmisi ilk səfərini başa vuraraq Bakı limanına qayıdıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının balansına yenicə daxil edilən RoPax tipli "Azərbaycan" gəmi-bərəsi ilk səfərini başa vuraraq yenidən Ələtdə yerləşən Bakı limanına qayıdıb.

Bu barədə "Report"a ASCO-dan məlumat verilib.

Ələt-Kurık, Kurık-Ələt istiqamətində yerinə yetirilən səfər uğurla və təhlükəsiz şəkildə başa çatıb.

Unikal gəminin və onun peşəkar heyətinin Bakı limanında ASCO-nun sədri Rauf Vəliyev qarşılayıb.

Rauf Vəliyev "Azərbaycan" gəmisinin heyət üzvlərinə təşəkkürünü bildirib, onların səfər təəsüratlarını öyrənib.

Gəmi kapitanı Ayaz Pirmuradov və heyət üzvləri "Azərbaycan" gəmisinin ilk səfərinin problemsiz və qəzasız, eyni zamanda yaddaqalan keçdiyini bildiriblər. Onlar tarixi gəminin ilk heyəti olduqlarına görə böyük qürur hissi duyduqlarını vurğulayıblar. Dənizçilər bundan sonra da onlara göstərilən etimadı doğruldacaqlarına dair söz veriblər.

Daha sonra Rauf Vəliyev gəmidə dənizçilər üçün yaradılan şəraitlə yaxından tanış olub, gələcək səfərlərə dair öz tövsiyə və tapşırıqlarını verib. Sonda heyətlə xatirə fotosu çəkdirib.

Qeyd edək ki, "Azərbaycan" ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan RoPax tipli ilk gəmi-bərədir. Müasir standartlara uyğun inşa olunan gəmi bu ilin martında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istismara verilib.

Gəmi ilk səfərinə 7 may tarixində çıxıb və Qazaxıstanın Kurık limanına gedib. Növbəti səfər isə bu gün Türkmənistanın "Türkmənbaşı" limanına olacaq.

Son xəbərlər

Orphus sistemi