Bu ilin yanvar ayında Azərbaycanın beynəlxalq hava limanları 290 min sərnişinə xidmət göstərib.
"Report" bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfədən çox artım deməkdir.
Koronavirus (COVID-19) pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlərin mərhələli şəkildə yumşaldılması, həmçinin Azərbaycanın hava sərhədlərini açdığı ölkələrin sayının artması müsbət tendensiyaya səbəb oldu. Lakin, sərnişin axını pandemiyadan əvvəl, 2020-ci ilin yanvar ayının nəticəsindən aşağı olaraq qalır və qeyd olunan dövrdə 395 min nəfər təşkil edib.
Ümumi sərnişin sayından 233 min sərnişin (ümumi sərnişin axınının 80 %-i) Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. Bakı hava limanının baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” 91 min və 28 min sərnişin daşıyıb ki, bu da müvafiq olaraq sərnişin axınının 39,1 %-ni və 12,1 %-ni təşkil edir.
Ötən ay 23 xarici aviaşirkət Bakı hava limanına uçuşlar həyata keçirib.