2021-ci ilin I rübü ərzində, şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişindaşımalarına cəlb edilməsi məqsədilə müsabiqənin keçirilməsi üzrə Dövlət Avtomobil Nəqliyyatı Xidmətində yeni müsabiqə komissiyası yaradılıb.
“Report” xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 2021-ci ilin I rübü üzrə görülən işlər barədə rüblük hesabatında qeyd edilib.
Hesabatda bildirilir ki, Azərbaycan, Rusiya və Türkiyə hökumətləri arasında imzalanmış beynəlxalq avtomobil əlaqələri haqqında Sazişlərə uyğun olaraq, 2021-ci il üçün Rusiya Federasiyasına 8, Türkiyə Respublikasına isə 2 istiqamət olmaqla, 10 istiqamət üzrə beynəlxalq müntəzəm avtobus marşrutlarının rəsmiləşdirilməsi təmin olunub.
Xatırladaq ki, 2020-ci il ərzində Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyası, Gürcüstan, Türkiyə Respublikası, İran İslam Respublikası Hökumətləri arasında bağlanmış Beynəlxalq avtomobil əlaqələri haqqında Sazişlərə uyğun olaraq 34 istiqamət üzrə sərnişindaşıma fəaliyyəti həyata keçirilən müntəzəm beynəlxalq avtobus marşrutlarının rəsmiləşdirilməsi təmin olunub. O cümlədən Rusiya Federasiyasına – 13 istiqamət üzrə, Gürcüstana – 12 istiqamət üzrə, Türkiyə Respublikasına – 3 istiqamət üzrə, İran İslam Respublikasına – 5 istiqamət üzrə və İraq Respublikasına – 1 istiqamət üzrə gedişlər təşkil olunub.