Azərbaycan və Misir şəhərsalma sahəsində əməkdaşlığı artırmaq niyyətindədir.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Misirdə ölkənin mənzil, mühəndis-kommunikasiya sistemləri və şəhər icmaları naziri Şərif Əl-Şarbini ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin görüşü zamanı bildirilib.
12-ci Ümumdünya Şəhərsalma Forumu çərçivəsində keçirilən görüşdə Şərif Əl-Şarbini qeyd edib ki, Misir şəhərsalma sahəsində əldə edilən təcrübəni Azərbaycanla bölüşməyə hazırdır və bu, iki ölkə arasındakı sıx əlaqələrdən irəli gəlir.
Onun sözlərinə görə, Misirin şəhərsalma təcrübəsi zəngindir. Bura dördüncü nəsil şəhərlərin – “davamlı ağıllı şəhərlər”in qurulması və inkişaf etdirilməsi, içməli və çirkab su infrastrukturu layihələrində böyük irəliləyişlərin əldə edilməsi və cəmiyyətin müxtəlif təbəqələri üçün yüz minlərlə yaşayış binasının tikilməsi daxildir.
Nazir Misirin podratçı şirkətlərinin şəhər inkişafının geniş spektrində böyük təcrübəyə malik olduğunu, Afrika və Yaxın Şərqin şəhərsalma sahəsində aktiv iştirak etdiklərini və bütün dünyada layihələr həyata keçirməyə hazır olduqlarını diqqətə çatdırıb.
Anar Quliyev Misirlə Azərbaycan arasında sıx əlaqələrin həm hökumət, həm də xalq səviyyəsində özünü büruzə verdiyini bildirib.
Komitə sədri Misirlə şəhərsalma sahəsində əməkdaşlığı dərinləşdirmək və ölkənin zəngin təcrübəsindən yararlanmaq arzusunda olduğunu qeyd edib.