Ötən il ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 237 450 daşınmaz əmlakın qeydiyyatı aparılıb.
Bu barədə “Report” Nazirlikdən məlumat verilib.
Bildirilib ki, bunun 63 247-si (26,6 %-i) ilkin, 174 203-ü (73,4 %-i) isə təkrar qeydiyyatın payına düşür. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 35 775-i fərdi yaşayış və bağ evi, 74 533-ü mənzil, 118 534-ü torpaq sahəsi, 2 543-ü qeyri-yaşayış binası, 5 368-i qeyri-yaşayış sahəsi, 637-si əmlak kompleksi, 59-u çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmədir. İlkin qeydiyyatın 36 682-si Bakı şəhərinin, 26 565-i isə regionların payına düşür.
2020-ci il ərzində 34 061 mənzil üzərində mülkiyyət hüququ ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə üzərində hüquqların ilkin olaraq qeydiyyata alındığı mənzillərin sayı 7,8 % artıb.
Ötən il 199 637 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bundan başqa, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair 262 939 arayış (Forma-1) verilib. 2020-ci il ərzində 32 693 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Qeyd edək ki, vətəndaşların daha rahat şəkildə mülkiyyət hüquqlarını rəsmiləşdirməsi üçün səyyar qeydiyyat kampaniyaları keçirilib və birbaşa ünvanlarda qeydiyyat xidmətləri göstərilib. Ötən il ərzində 27 bu cür səyyar qeydiyyat kampaniyası təşkil edilib.