Azərbaycanda 35 kilometrlik yolda 21 körpü inşa edilib

Azərbaycanda 35 kilometrlik yolda 21 körpü inşa edilib Azərbaycanın əhəmiyyətli yollarından biri olan 35 kilometrlik Şəki-Qax avtomobil yolunun üzərində 21 körpü inşa edilib.
İnfrastruktur
11 Oktyabr , 2022 11:08
Azərbaycanda 35 kilometrlik yolda 21 körpü inşa edilib

Azərbaycanın əhəmiyyətli yollarından biri olan 35 kilometrlik Şəki-Qax avtomobil yolunun üzərində 21 körpü inşa edilib.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.

A.Nəcəfli bildirib ki, körpülər yollarda rahat hərəkət və uzun məsafələri qısaltmaq üçün çox önəmlidir: "​Sözügedən avtomobil yolu elə də uzun olmasa da digər yollardan fərqlənir. Yolu fərqləndirən cəhət isə onun üzərində çoxlu avtomobil körpüsünün yerləşməsidir. Yol üzərində salınan 21 körpüdən ən kiçiyi 12 metr, ən uzunu isə 420 metrdir. Körpülərin ortalama eni 11.5 metr təşkil edir. Ümumi uzunluqları isə 2077 metrdir. Ən böyük körpü Şəki ərazisində, Kiş çayı üzərində yerləşir. Yolun 1-ci kilometrliyində yerləşən körpünün uzunluğu 420 metrdir. Bölgədə yaşayan sakinlər uzun illər rayonlararası məsafəni uzatmalı olurdular. Yol üzərində xeyli sayda çay olduğundan avtomobillə hərəkət çətin idi. İndi bu çayları körpülər əvəzləyib".

A.Nəcəfli əlavə edib ki, ən çox körpü yolun 8-9-cu kilometrlik hissəsində yerləşir: "Çayın məcrası avtomobil yolunun keçdiyi hissədə 1 kilometrdən artıqdır. Daha 4 körpü isə yolun Qax rayonu ərazisindən keçən hissəsində yerləşir. Yolun 27-ci km-də, Qaşqaçay çayı üzərində 1 ədəd 54 metr uzunluğunda, 33-cü km-də, Kürmük çayı üzərində isə hər birinin uzunluğu 133 metr olan 3 ədəd körpü yerləşir. Beləliklə üzərində 21 körpü olan Şəki-Qax avtomobil yolu Azərbaycanın ən çox körpü olan yeganə yoludur."

Son xəbərlər

Orphus sistemi